Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə müəssisələrinə, o cümlədən restoran və şadlıq saraylarının məsul şəxslərinə xəbərdarlıq edib. Bu barədə AQTA-nın Bakı regional bölməsinin rəisi Elşad Cəbrayılov bildirib.
Agentlikdən bildirilib ki, yalnız baytarlıq nəzarəti təmin edilmiş, rəsmi qeydiyyatdan keçmiş heyvan kəsimi məntəqələrindən baytarlıq sənədləri mövcud olan ətlər istehlaka təqdim edilməlidir.
Qeyd olunub ki, agentlik tərəfindən reydlər həyata keçiriləcək və tələblərə əməl etməyən ictimai iaşə müəssisələri, xüsusilə də restoran, şadlıq sarayları barəsində qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək.
Yeri gəlmişkən, Bakıdakı bir çox restoran və şadlıq evlərində keçirilən toy mərasimlərində Monqolustandan gətirilən qoyun, Ukraynadan gətirilən mal ətindən istifadəyə edildiyinə dair məlumatlar yayılıb. Qeyd edilir ki, həmin ətlər yerli istehsalla müqayisədə restoranlara xeyli ucuz başa gəlir. İstehlakçılara yerli məhsul kimi təqdim olunan Monqolustan və Ukrayna ətlərindən toy mərasimləri üçün tikə kabab, lülə kabab, basdırma və digər yeməklər hazırlanır. Adi günlərdə də restoranlar müştərilər üçün yemək hazırlanmasında bu ətlərdən istifadə edirlər. Qurumun xəbərdarlığı da görünür ki, bununla əlaqədardır.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan 373,4 min ABŞ dolları dəyərində 106,52 ton qoyun əti idxal edib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 35%, kəmiyyət olaraq 24% azdır.
Hesabat dövründə Azərbaycan Monqolustandan 349,72 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 38% az) 87,43 ton (-38 %), Rusiyadan 18,65 min ABŞ dolları dəyərində (+1 865 dəfə) 18,92 ton (+1 892 dəfə), Yeni Zelandiyadan 4,49 min ABŞ dolları dəyərində (+5,4%) 0,14 ton (-26%) və Avstraliyadan 0,53 min ABŞ dolları dəyərində (-62%) 0,03 ton (-40%) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 453 ton qoyun ətinin 99,3%-i Monqolustanın payına düşür.
Mütəxəssislərin fikrincə, Monqolustandan gətirilən ətin ucuz olmasının əsas səbəbi həmin ölkədə ətin maya dəyərinin çox aşağı olmasıdır, bu ölkənin bazarlarında ətin qiyməti 2-3 dollar arasında dəyişir. Monqolustandan idxal olunan ətin keyfiyyəti yüksək hesab olunsa da, məhsul Azərbaycana dondurulmuş şəkildə gətirilir. Qırmızı ətdə olan təxminən 8 nadir fermentdən 2-si dondurulma prosesi zamanı məhv olur. Buna baxmayaraq, zülal baxımından həmin ət normal istehlak üçün yararlıdır. Monqolustandan idxal olunan ətin ucuz olması yerli alıcıların bir hissəsini özünə çəkir, bu da rəqabət yaradır. İqtisadçılar hesab edirlər ki, bu rəqabət yerli ətin qiymətinin enməsi üçün şərait formalaşdıra bilər. Ancaq vəziyyət uzun müddət belə davam etsə, yerli istehsal zəifləyə və ölkə ət idxalından daha çox asılı vəziyyətə düşə bilər. Buna görə də hökumət daxili bazarı qorumaq üçün addımlar atmalıdır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Monqolustan böyük qoyun əti ixracatçısıdır, bu ətlər ən çox İrana gedir: “Bu məhsul ekoloji təmiz hesab olunur. Əlbəttə, bu məhsul yerli Qarabağ qoyunları ilə eyni deyil. Merinos tipli qoyunlar müsəlman ölkələrə ixrac olunur. Bu məhsulun gətirilməsi tam nəzarət altındadır. Oradakı qoyunçuluq təsərrüfatlarına da nəzarət edilir. Azərbaycana gətirilən məhsullara isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Bu məhsullar əsasən restoranlara göndərilir. Az bir hissəsi sənayedə istifadə olunur. Bu ətlər açıq şəkildə az satılır. Ölkəmizə kilosu 12-13 manata gəlib çıxır. Qeyd edim ki, təxminən 5 ildən sonra ölkəmizə xaricdən qoyun əti gətirilməsinə ehtiyac olmayacaq. Çünki işğaldan azad edilmiş ərazilərdə heyvandarlıq geniş inkişaf edəcək”.
E.Hüseynov əlavə edib ki, ətin dadı regionlara görə dəyişir: “Ən dadlı ət şoranlıq zonasının bitkiləri ilə qidalanan heyvanların ətidir. İstehlakçılardan verilən məlumata görə, yerli ətlər, o cümlədən Muğan zonasında, Beyləqanda yetişdirilən heyvanların əti Monqolustan ətlərindən daha dadlıdır. Bu zonanın əti hamısından dadlıdır. Yeni Zelandiyada yetişdirilmiş qoyunun ətini də yemişəm, son dərəcə yumşaq, dadlıdır. Orada heyvanlar təbii şəraitdə yemlənir, süni yem verilmir. Təsadüfi deyil ki, son zamanlar AİB-ə edilən müraciətlərdə ən məşhur restoranlardakı lülə, tikə kababların dadsız olduğu bildirilir. İstisna olunmur ki, kabablar Monqolustandan gətirilən ətlərdən hazırlanıb, buna görə də insanların ağız dadlarına uyğun deyil. İstehlakçıların yerli quzu ətinin verilməsi ilə bağlı tələb irəli sürmək haqqı var. O cümlədən qarşı tərəf istehlakçıya ətin mənşəyi barədə məlumat verməyə borcludur”.
Qida eksperti Ağa Salamov hesab edir ki, ətin insan üçün zərərli hesab olunması yalnız müəyyən hallarda mümkündür: “Ət çirklənməyə məruz qaldıqda, mənşəyi məlum olmadıqda, kəsim baytar nəzarəti altında aparılmadıqda, emal prosesi düzgün şərtlərdə həyata keçirilmədikdə, həmçinin daşınma, saxlanma və bişirilmə mərhələlərində tələblərə əməl olunmadıqda zərərli və ya yararsız hesab olunur. Monqolustandan idxal olunan ətlər soyuq qida zəncirində gətirilir. Burada çirklənmədən söhbət gedə bilməz, çünki məhsullar donmuş şəkildə daşınır. Əgər maşın xarab olub ət əridikdən sonra yenidən dondurularsa, bu, artıq təhlükə yarada bilər. O zaman bu məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzarətindən keçmir. Gömrükdə AQTA-nın nəzarət şöbəsi fəaliyyət göstərir və orada idxal olunan ətlərdən canlı nümunələr götürülərək bakteriya yükü yoxlanılır. İdxal olunan ətlərin insan sağlamlığı üçün təhlükəli olması ilə bağlı narahatlığa əsas yoxdur. İnsan orqanizmi üçün öz regionundakı qidalar daha faydalıdır, lakin ölkəmizdə ət qıtlığı var, qiymətlər də buna görə yüksəlib. İndiyə qədər müxtəlif ölkələrdən - Ukraynadan, Gürcüstandan, Braziliyadan ölkəmizə ət idxal olunub. Əgər bu ətlərin kimyəvi tərkibi pozulmayıbsa, çirklənməyibsə, heç bir ziyanı da yoxdur”.
Ağa Salamov vurğuladı ki, restoranlarda istifadə olunan ətin mənşəyi açıq şəkildə göstərilməlidir: “Monqol quzusunda dad yoxdur, çünki həmin ət donmuş şəkildə gəlir. Bizim milli mətbəxdə isə donmuş ətdən kabab bişmir. Artıq restoranlarda da istehlakçılar bundan şikayət edirlər. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də prosesə müdaxilə etməlidir. Reseptlərin tərkibi açıq yazıldığı kimi, restoranlarda təqdim olunan ətin də xaricdən gətirilən ət olduğu bildirilməlidir. İstehlakçı nə yediyini bilməlidir. Əgər bu barədə məlumat verilmirsə, bu, istehlakçı hüquqlarının pozulmasıdır. Fikrimcə, Gürcüstandan gələn ətlər bizə daha uyğun idi. Monqolustandan idxal olunan ətdə bizim ağız dadımıza uyğun ləzzət yoxdur. Yeyilə bilər, sadəcə, dadı zəifdir. Keyfiyyət baxımından tərkibində D vitamini və digər faydalı maddələr var, amma bu ət heç vaxt Qarabağ quzusunun, Şuşanın qoyunlarının dadını verməz. Real vəziyyətə baxsaq, əhalinin çoxunun gücü keyfiyyətli yerli ət almağa çatmır. Ətin qiyməti az qala gəlib 30 manata qalxıb. Biz insanlara deyə bilmərik ki, alıb yeməyin!”
Tehsil-press.az








