“Bu kitab qeyri-maddi mədəni irs siyahısına daxil edilsin” - TƏKLİF

“Bu kitab qeyri-maddi mədəni irs siyahısına daxil edilsin” - TƏKLİF “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabı mədəniyyətimizin, tariximizin, mənəvi sərvətimizin carçısıdır. Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirləri toplanıb, onun təşəbbüsü və rəhbərliyi altında ölkəmizin multikulturalizm, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişaf etdirilməsi səhəsində həyata keçirdiyi layihələrdən, bu sahədə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə əldə edilən nailiyyətlərdən bəhs olunur.
Tarixi əhəmiyyət daşıyan bu kitab hər bir şagirdin, hər bir tələbənin, hər bir gəncin stolüstü vəsaitinə çevrilməlidir. Çünki Azərbaycanın multikulturalizm siyasəti daha dərindən öyrənilməli, gənc nəsilə təbliğ olunmalıdır. Arzu edərdim ki, milli-mədəni dəyərlərimizin təbliğatçısı olan kitablar Azərbaycanın qeyri-maddi mədəni irs siyahısına daxil edilsin.
Beynəlxalq müstəvidə mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına güclü təsir göstərən multikulturalizm siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycanın son illər ərzində dünya miqyasında multikulturalizm mərkəzinə çevrilməsinin bilavasitə səbəbkarı isə Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevdir.
“Azərbaycan xalqı milli ideya ətrafında sıx birləşib” - bu fikirləri dövlət başçısı beynəlxalq informasiya agentliklərinə müsahibəsi zamanı dəfələrə söyləmişdir. Prezidentin müvafiq sərəncamları ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” və 2018-ci ilin isə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması milli ideyanın təzahürü, Azərbaycan Respublikasının dövlət siyasətidir.
Prezident İlham Əliyev çıxışlarında ölkəmizin Avropa ilə müsəlman dünyası arasında coğrafi körpü rolu ilə yanaşı, mədəni və müəyyən dərəcədə siyasi körpü rolunu oynadığını vurğulayır. Bu da təsadüfi deyil. İndi Azərbaycanda yeni bir tarix yazılır, Azərbaycan yeni bir tarix yazır.
Azərbaycan gəncləri xalqımızın milli-mədəni dəyərlərinin səfirləridir. Bu gün gənclər dövlət siyasətini dəstəkləyir, görülən işləri yüksək qiymətləndirirlər. Prezident İlham Əliyev müxtəlif sahələrdə uğurlar qazanmış gənclərlə, tələbə gənclər təşkilatlarının üzvləri ilə görüşü zamanı (“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında”, səhifə 64.) Azərbaycanda bütün dinlərin, bütün millətlərin nümayəndələrinin bir ailə kimi yaşadığını söyləmişdir: “Bizim keçmiş tariximiz və indiki vəziyyətimiz onu göstərir ki, Azərbaycan bütün xalqların nümayəndələri üçün doğma vətəndir. Burada heç vaxt nə milli, nə də dini zəmində ayrı-seçkilik olmamışdır və olmayacaqdır. Mən buna tam əminəm”.
Azərbaycanda müxtəlif xalqların milli dəyərləri, mədəni irsi, tarixi, dili, dini qorunur. Azərbaycan dünyanı sülhə səsləyir, dostluq və qardaşlıq mühitinin mövcudluğunu xatırladır.
Prezident İlham Əliyev çıxışı zamanı milli, dini dözümlülüyün, tolerantlığın Azərbaycan xalqına xas olan bir xüsusiyyət olduğunu vurğulamışdır. Deyərdim ki, Azərbaycan xalqı bu xüsiyyətlərin genetik daşıyıcısıdır. Azərbaycan bu gün dünyaya sübut edir ki, Yaxın Şərqdə dinlərarası və millətlərarası münasibətlərin vahəsidir.
Azərbaycanın zəfər tarixinin səhifələrə köçürüldüyü bu kitab, ermənipərəst, antiazərbaycan və islamofobiya qüvvələrinin ölkəmizə qarşı apardığı qarayaxma kampaniyalarına qarşı ən layiqli cavabdır. Multikulturalizmin Azərbaycan modelindən bəhs edən kitab gənclər üçün, bizim üçün milli dəyərdir. Bu cür kitabların davamlı şəkildə çapdan çıxması, ölkə ictimaiyyətinə təqdim olunması, gənclərin stolüstü kitabına çevrilməsi mədəni irsimizə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Şahin Sərdarlı
ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin II kurs tələbəsi

Oxşar xəbərlər