ADPU ilə Girne Amerikan Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib

ADPU ilə Girne Amerikan Universiteti arasında  əməkdaşlıq məsələləri müzakirə edilib Fevralın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Şimali Kipr Türk Respublikasının Girne Amerikan Universitetinin təsisçisi və qurucusu, rektoru, professor Serhat Akpınar və prorektoru, professor Sualp Davutla görüşüb. Görüşdə Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Lətif Kəngərli, Proloq İnkişaf Mərkəzinin təsisçisi Orxan Həsənoğlu iştirak ediblər.
Qonaqları rəhbərlik etdiyi ADPU-da görməkdən məmnunluq duyduğunu bildirən rektor Cəfər Cəfərov onlara universitetin tarixi, müasir vəziyyəti, tədris prosesi, həyata keçirilən islahatlar, yeniliklər barədə məlumat verib. Rektor qeyd edib ki, Azərbaycan Müəllimlər İnstitutunun ADPU-ya qoşulmasından sonra universitet struktur və müəllim-tələbə heyəti baxımından ölkəmizin ən böyük universitetlərindən birinə çevrilib. Hazırda ADPU-da 8 fakültə, 35 kafedra fəaliyyət göstərir. ADPU-nun 5 filialı var. Azərbaycan Dövlət Pedaqoji Kolleci ADPU-nun nəzdində fəaliyyət göstərir. Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb ADPU-nun baza məktəbi müəyyən edilib. ADPU-da 17 mindən çox tələbə təhsil alır. Tədris 4 binada aparılır. ADPU-da həyata keçirilən islahatların, yeniliklərin, layihələrin əsas məqsədi müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi, ölkəmizin məktəblərini yüksəkixtisaslı pedaqoji kadrlarla təmin etməkdir. ADPU beynəlxalq əlaqələrinin genişləndirilməsinə və qabaqcıl dünya təcrübəsinin öyrənilməsinə böyük önəm verir. ADPU Avropanın, Türkiyənin, Şimali Kipr Türk Respublikasının və digər ölkələrin universitetləri ilə əməkdaşlıq əlaqələrinin qurulması üçün səmərəli əməli fəaliyyət gerçəkləşdirir. ADPU-da TÜRKSOY kafedrası, Türk araşdırmaları və Dədə Qorqud elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərir.
Girne Amerikan Universitetinin təsisçisi və qurucusu, rektoru Serhat Akpınar səmimi və qonaqpərvər münasibətə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib. Təmsil etdiyi universitet haqqında danışan professor Serhat Akpınar universitetin fakültələri, ixtisasları, tədris prosesi, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.
Görüşdə ADPU ilə Girne Amerikan Universiteti arasında müəllim-tələbə mübadiləsi, birgə elmi-tədqiqat işlərinin aparılması, layihə və proqramların icra edilməsi, müştərək beynəlxalq elmi konfransların, simpozium, sərgi və seminarların keçirilməsi, eləcə də dil-ədəbiyyat sahəsində və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüşdə hədiyyələr təqdim edilib. Sonra rektor Cəfər Cəfərov qonaqları universitetin tədris binası ilə tanış edib. Sonda xatirə şəkli çəkdirilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Oxşar xəbərlər