Həsən Ruhani: Azərbaycan və İran arasında imzalanan sənədlər bütün dünyanın xeyrinə ola biləcək sənədlərdir

Həsən Ruhani: Azərbaycan və İran arasında imzalanan sənədlər bütün dünyanın xeyrinə ola biləcək sənədlərdir Azərbaycan və İran arasında imzalanan sənədlər bütün dünyanın xeyrinə ola biləcək sənədlərdir.
Bunu İran Prezidenti Həsən Ruhani Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxışında deyib.
H.Ruhani qeyd edib ki, bu gün imzalanan rəsmi sənədlər xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşib: "İllər boyu əməkdaşlıq üçün potensial və imkanlar mövcud olmuşdur. Bu imkanlar hər iki xalqın mənafeyinə xidmət etmişdir. İki ölkə arasındakı qarşılıqlı etimad indi daha da artmışdır. İki ölkə arasında müştərək işlər çoxalıb. İki xalq və iki dövlət şahid olublar ki, əməkdaşlıq nə qədər faydalı və bəhrəlidir. Bu gün belə qərara gəlmişik ki, bu əməkdaşlıq tellərini daha da möhkəmləndirək. Bu əməkdaşlıq bu gün və sabah üçün deyil, bəlkə də iki ölkənin tarixi üçün yadda qalacaq əməkdaşlıq olacaqdır.
Möhtərəm Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, bu gün imzalanan sənədlər də tarixi sənədlərdir. İki xalqın mənafeyinə, bütün bölgənin və eləcə də bütün dünyanın xeyrinə ola biləcək sənədlərdir. Tranzit məsələsinə gəldikdə isə, Şimal–Cənub dəhlizi İranın cənub bölgəsinin sularını, Fars körfəzini, Oman dənizini və Hind okeanını, həmçinin avtomobil yolu və dəmir yolu vasitəsilə Qafqaz, Mərkəzi Asiya və Rusiya ilə birləşdirir, eləcə də Şimali və Şərqi Avropanı. Bu onu göstərir ki, Şimal-Cənub nəqliyyat dəhlizi nə qədər böyük əhəmiyyət daşıyır".
İran Prezidenti əlavə edib ki, iki ölkənin Rəşt-Astara dəmir yolu barəsində qərarı dövlətlərimizin bu layihəyə nə qədər böyük əhəmiyyət verdiyinin göstəricisidir: "Xəzər dənizində bizim çoxlu birgə mənafelərimiz vardır. Biz gərək elmi, iqtisadi, ticari, gəmiçilik, balıqçılıq, turizm sahələrində əməkdaşlıq etməklə maksimum səmərə əldə edək. Bu gün Xəzər dənizinin mənbələrindən və yataqlarından qarşılıqlı istifadədə əməkdaşlığımız xalqlarımızın mənafeyinə geniş xidmət etmiş olar".

Tehsil-press.az

Oxşar xəbərlər