Moskva Dövlət Linqvistik Universiteti dilçi alimləri gələn il Bakıda bir araya gətirəcək

Moskva Dövlət Linqvistik Universiteti dilçi alimləri gələn il Bakıda bir araya gətirəcək Moskvada bədii ədəbiyyat tərcüməçilərinin beşinci beynəlxalq konqresində Azərbaycanı Bakı Slavyan Universitetinin (BSU) prorektoru, professor Rafiq Novruzov təmsil edib.
Tədbir “Ədəbi tərcümə mədəni diplomatiya vasitəsi kimi” devizi altında təşkil olunub. Konqresin iş rejimi, qarşısına qoyduğu məqsəd və vəzifələr barədə danışan prorektor tədbirin iki ildən bir keçirildiyini vurğulayıb. O, ilk dəfə 2010-cu ilin sentyabrında təşkil olunan konqresdə cəmi 20 ölkədən 150 tərcüməçinin iştirak etdiyini, bu il isə tədbirə 56 ölkədən 400 tərcüməçinin qatıldığını söyləyib. Tədbirin işində böyük keyfiyyət dəyişikliyinin müşahidə olunduğunu vurğulayan R.Novruzov deyib: “Bu dəfə tərcümənin heç bir nəzəri aspekti diqqətdən kənarda qalmadı. Konqres öz işinə 31-ci beynəlxalq kitab sərgisi çərçivəsində A.Puşkin adına kitabxanada Moskva meri ilə tədbir iştirakçıları arasında keçirilən görüşlə başladı. Daha sonra müasir dövrün tanınmış yazıçıları Aleksandr Arxangelski və Şamil İqnatulinlə də ünsiyyət qurmaq imkanı əldə etdik”.
R.Novruzov konqresdəki məruzəsinin tədbir iştirakçıları tərəfindən xüsusi maraqla qarşılandığını bildirib. “Əksər nümayəndələr konqresdə rus bədii nümunələrinin Qərb dillərinə tərcüməsindən danışdı. Lakin mən məruzəmdə fars orijinalından ruscaya çevrilmiş mətnlərdə təsəvvüf və irfani istilahların mahiyyətinin saxlanılması probleminə toxundum. Çünki məruzəmin mövzusu Hafiz Şirazinin əsərlərinin rus dilinə tərcüməsi zamanı mətnin fəlsəfəsinin verilməsi barədə idi. Çıxışımda sufiliyin eşq, ilahi məqam, mey və s. kimi dəyərlərinin tərcümə prosesində ötürülməsi məsələlərindən bəhs etdim. Konqresə İrandan qatılan Zəhra adlı alim çıxışında mənim məruzəmi xüsusi vurğuladı”, - deyə R.Novruzov qeyd edib.
Belə bir konqresin Azərbaycanda da keçirilməsinin tərəfdarı olduğunu bildirən prorektor deyib: “Biz bu gün rus dili ilə yanaşı, həm Qərb, həm də Şərq xalqlarının dillərindən birbaşa tərcümələr etməliyik. Bunun üçün isə bizdə yeni tərcüməçilər nəsli yetişməlidir. Əgər Bakıda belə bir elmi konfrans təşkil olunsa, düşünürəm ki, problemləri hərtərəfli müzakirə edə və bu işi canlandıra bilərik. Ən yaxşı tərcümələrə görə mükafatlar da təsis etmək olar”.
Moskva Dövlət Linqvistik Universitetinin Gənc Tərcüməçilər Məktəbinin hər il fərqli bir ölkədə elmi konfranslar keçirdiyini xatırladan R.Novruzov deyib ki, məktəb növbəti yığıncağını 2019-cu ilin aprelində Bakıda keçirəcək.

Tehsil-press.az

Oxşar xəbərlər