İlahiyyat İnstitutu “Qış məktəbi” layihəsinə başlayır

İlahiyyat İnstitutu “Qış məktəbi” layihəsinə başlayır Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 31 yanvar 2019-cu il tarixdə Şamaxı rayonunda “Din, mədəniyyət və cəmiyyət” mövzusunda “Qış məktəbi” təşkil edəcək.
Fevralın 2-nə qədər davam edəcək layihə çərçivəsində ümummilli lider Heydər Əliyevin Şamaxı rayonunda ucaldılan abidəsini ziyarət; Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə bərpa edilən, yaşı əsrlərlə ölçülən Dəmirçi məscidi və Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan, Qafqazın ən qədim məscidi olan Şamaxı Cümə Məscidi ilə tanışlıq; Avaxıl kəndində yerləşən Pir Ömər türbəsinə səfər, həmçinin Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya nəzərdə tutulub.
“Qış məktəbi” səfəri çərçivəsində tələbələr üçün Aİİ-nin rektoru Ceyhun Məmmədovun “Azərbaycan multikulturalizmi: reallıqlar və perspektivlər”; MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədri Fariz Xəlillinin “Şirvanın maddi-mədəni irsi”; Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradovun “Azərbaycanlı İslam alimləri” mövzusunda məruzələrinin; idarəçi, biznes məsləhətçisi Fəxri Ağayevin “Şəxsi inkişafda mütaliənin rolu”, “Şəxsi inkişaf və karyera” mövzusunda təlimlərinin təşkil olunması nəzərdə tutulub. Eyni zamanda, “Qış məktəbi”ndə tələbələrin asudə vaxtının səmərəli təşkili üçün film nümayişi və kitab mütaliəsi nəzərdə tutulub.
Azərbaycan İlahiyyat İnstitutu müasir təhsil standartları və dünya təcrübəsi əsasında təsis edilmiş ali təhsil müəssisəsidir. İnstitut tələbələrinin elmə, təhsilə marağının artırılması və intellektual səviyyələrinin yüksəldilməsi, milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə müxtəlif tədbirlər həyata keçirir.
Qeyd edək ki, “Qış məktəbi”nin təşkili tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, onların ölkəmizdə mövcud multikultural, tolerant mühitin canlı şahidi olmaları baxımından xüsusi əhəmiyyət daşıyır.

Aİİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər