İslam dininin təsiri altında mükəmməl bədii sənət nümunələri və memarlıq abidələri yaradılıb

İslam dininin təsiri altında mükəmməl bədii sənət nümunələri və memarlıq abidələri yaradılıb Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “İslam mədəniyyətində toxuculuq sənəti” mövzusunda seminar keçirilib.
Seminarda islamşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov institutda tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi yönündə müxtəlif mövzularda seminarlar, “dəyirmi masa”lar, treninqlər və görüşlərin keçirilməsinə xüsusi önəm verildiyini qeyd edib.
Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin etnoqrafiya fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova “İslam mədəniyyətində toxuculuq sənəti” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, dünyada bu dinin təşəkkül tapması ilə yanaşı, yeni İslam mədəniyyəti formalaşıb. Qədim tarixi kökləri olan Azərbaycan mədəniyyəti İslam dininin təsiri altında daha da zənginləşib, mükəmməl bədii sənət nümunələri və memarlıq abidələri yaradılıb.
S.Nəsirova Azərbaycan toxuculuq sənətinin nailiyyətlər əldə etməsində İslam dininin xüsusi rol oynadığını vurğulayıb. Məruzəçi XX əsrin ikinci yarısına qədər toxuculuq məmulatlarının üzərindəki naxışların, ərəb əlifbasından və rəqəmlərindən istifadənin, namazlıqların, möhürqabıların Quran saxlamaq üçün istifadə olunan xüsusi ləvazimatların İslam mədəniyyəti nümunələrinə aid olduğunu qeyd edib. Memarlıq, nəqqaşlıq və gözəl yazı (xəttatlıq – kaliqrafiya) kimi sənətlərdə azərbaycanlı sənətkarların yüksək peşəkarlıqla hazırladıqları əsərlərdən danışan S.Nəsirova bildirib ki, sənət nümunələrinə Azərbaycanın müxtəlif bölgələrində rast gəlinir.
Seminar mövzu ətrafında müzakirələrlə davam etdirilib. Müzakirələrdə Azərbaycan İlahiyyat İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin etnoqrafiya fondu arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

Aİİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər