Səudiyyə sarayında nə baş verir?

Səudiyyə sarayında nə baş verir? Vəliəhdin səlahiyyətlərinin məhdudlaşdırıldığı, toplantılara qatılmadığı bildirilir
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizlə oğlu və vəliəhdi Məhəmməd bin Salman arasında münasibətlər soyuqlaşıb. Bu barədə iddianı Britaniyanın “Qardian” qəzeti yazıb. Qəzet iddia edir ki, son iki həftədir vəliəhd yüksək səviyyəli hökumət toplantılarında iştirak etmir. Eyni zamanda onun iqtisadi sektorda bəzi səlahiyyətləri əlindən alınıb.
Yazıda qeyd olunur ki, kral Salman ötən həftə Nazirlər Kabinetinin toplantısında vəliəhdin iqtisadi sahədəki səlahiyyətlərini məhdudlaşdıran qərar qəbul edib. O da iddia edilir ki, kral vəliəhdi nazirlərin toplantısına dəvət etsə də, vəliəhd toplantıya qatılmayıb. Bildirilir ki, hələlik rəsmən elan olunmayan qərara əsasən krallığın xaricdəki sərmayələrinin idarəsi vəliəhddən alınaraq kralın ən çox güvəndiyi müşaviri Musaid əl-Aybana verilib.
Qəzetin yazısında o da qeyd olunur ki, vəliəhd son günlərdə kral Salmanın Rusiya XİN rəhbəri Lavrovla, Ümumdünya Səhiyyə Təşkilatının sədri və ölkənin baş müftisi ilə görüşlərdə iştirak etməyib.
Qeyd edək ki, 2015-ci ilin yanvarında kral Salmanın taxta çıxmasından sonra “ulduzu parlayan” Məhəmməd bin Salman hakimiyyət pillələrində sürətlə irəliləyib. Əvvəlcə vəliəhd müdafiə naziri, daha sonra isə baş nazirin müavini, iqtisadi islahatlara rəhbərlik, həmçinin korrupsiyaya qarşı mübarizə komissiyasının sədri, nəhayət, birinci vəliəhd postuna yüksəlib. Vəliəhd-şahzadə ölkəsində bir sıra islahatçı qərarların müəllifi kimi tanınıb və Qərbdə böyük maraq doğurub. Ancaq 2018-ci il oktaybrın 2-də səudiyyəli jurnalist Camal Qaşıqçının itkin düşməsi və daha sonra öldürülməsi vəliəhdin nüfuzuna ciddi zərbə vurub. Dünya mediası bu hadisədə əsas günahkar kimi vəliəhdi göstərib. Doğrudur. Səudiyyə Ərəbistanı bu faktı təkzib edir, ancaq Qaşıqçı işinə görə saxlanılanlar arasında vəliəhdə yaxın şəxslərin olması Məhəmməd bin Salman üzərinə ciddi şübhə kölgəsi salıb.
Ancaq Qaşıqçı qalmaqalında Səudiyyə sarayı və Vaşinqton vəliəhdi qorusa da, danılmaz faktdır ki, bu hadisə ümumilikdə krallığın və perpektivli vəliəhdin karyerasına ciddi zərbə oldu. Vaşinqtonun yeni Fələstin planında əsas tərəflərdən biri olan vəliəhdi Tramp administrasiyası qorumaqda davam etsə də, belə görünür ki, kral Salman vəliəhdin ərköyünlüyünə dözmək istəmir.
Kral və vəliəhd arasındakı daha bir fikir ayrılığı kralın ötən ay Misirə səfəri zamanı baş verdi. Yenə “Qardian” qəzetinin yazdığına görə, Misirdə olarkən müşavirləri krala çevriliş təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Məhz bu xəbərdarlıqdan sonra kralı Misirdən geri dönüşdə müşayiət edəcək mühafizə qrupu gözlənilmədən işdən kənarlaşdırılıb və Səudiyyə Ərəbistanı DİN-nin gəndərdiyi 30 xüsusi təyinatlı mühafizəçi kralı qorumağa başlayıb. Daha bir maraqlı detal ondan ibarətdir ki. Misir səfərindən qayıdan kralı qarşılayanlar arasında vəliəhd gözə dəyməyib. Qərb mediası isə kralın Misirdə dəyişdirilən mühafizəçilərinin vəliəhdə yaxın heyət olduğunu yazırdı.
Mediada yer alan iddialara görə, kral Salman Misirdə olduğu zaman vəliəhd Məhəmməd bin Salman “kralın vəkili” imzası ilə iki təyinat həyata keçirib. Bunlardan biri Rima bin Bəndər bin Sultanı Səudiyyə Ərəbistanının Vaşinqton səfiri təyin olunması haqda, ikincisi isə vəliəhdin öz qardaşı, daha əvvəl Vaşinqtonda səfir olmuş Xalid bin Salmanı müdafiə nazirinin müavini postuna təyin etməsi barədə fərman olub.
Qərb mediası iddia edir ki, kral onunla məsləhətləşmədən onun adından fərman verilməsi və xüsusən də kiçik oğlu Xalidin çox gənc və təcrübəsiz olması səbəbindən müdafiə nazirinin müavini təyin olunmasına qəzəblənib. O da diqqət çəkir ki, Səudiyyə Ərəbistanında bir neçə on ildir ki, heç bir təyinat “kralın vəkili” imzası ilə baş verməyib. Üstəlik, Misirdə olan kral və müşavirləri 23 fevraldakı iki təyinat barədə yalnız televiziya xəbərlərində eşidib. Bu isə vəziyyəti bir az da dramatikləşdirib. Doğrudur, kral ənənəyə əsasən ölkəni tərk edərkən fərman imzalayaraq ölkə idarəçiliyini vəliəhdə verir. Lakin bu zaman bir qayda olaraq strateji təyinatlar baş vermir. Versə də, imza krala məxsus olur, onun vəkilinə deyil.
O da iddia olunur ki, vəliəhdin fevral ayında Məkkədə müsəlmanların müqəddəs ziyarətgahı olan Kəbə evinin damına çıxıb gəzməsi xalqda narazılıq doğurub, bəzi din xadimləri isə bununla bağlı krala şikayət edib.
Hələlik baş verənlərin nəticəsi haqda danışmaq tezdir. “Gün üzünə” çıxan faktlara əsaslanaraq uzaqgedən nəticələr çıxarmaq tələsilik olar. Nəzərə almaq lazımdır ki, nə qədər narazılıq olsa da, vəliəhd kralın doğma oğludur və onu bu yüksək posta özü gətirib. Mümkündür ki, kral özü də bu mərhələdə vəliəhdin kənara çəkilməsini, çox gözə dəyməsini istəmir. Təbii ki, tam əksinin baş verməsi də realdır. Unutmaq olmaz ki, bura Şərqdir. Şərq isə “incə məsələdir”.

Kənan Rövşənoğlu

Oxşar xəbərlər