BDU ilə Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzi arasında əməkdaşlıq genişlənir

BDU ilə Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzi arasında əməkdaşlıq genişlənir Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev İtaliyanın Triest şəhərində yerləşən, İtaliya hökuməti, UNESCO və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin himayəsi altında fəaliyyət göstərən Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzində (The Abdus Salam International Centre for Theoretical Physics) olub.
Səfər zamanı rektor E.Babayev Mərkəzin direktoru, UNESCO Baş direktorunun köməkçisi, Kembric Universitetinin professoru Fernando Kuevedo ilə görüşüb. İki ölkənin inkişafında fundamental elmlərin, xüsusilə nəzəri fizikanın və astrofizikanın, multidissiplinar elmi istiqamətlərin inkişaf etdirilməsinin əhəmiyyəti barədə müzakirələrin aparıldığı görüşdə uyğun sahələrdə əməkdaşlığın faydalı və səmərəli olacağına əminlik ifadə edilib. Tərəflər gələcəkdə kadr hazırlığını (magistratura, doktorantura) və elmi əməkdaşlığı gücləndirmək, fizika, astrofizika və biofizika sahələrində əlaqələri inkişaf etdirmək barədə razılığa gəliblər.
Görüşdə, eyni zamanda, Azərbaycan və İtaliya arasında mövcud olan elm, texnologiya və innovasiya sahəsində əməkdaşlığı təşviq etmək və dəstəkləmək kimi strateji əhəmiyyətli işlərin reallaşdırılması imkanları müzakirə edilib. Əməkdaşlıq çərçivəsində müştərək elmi-tədqiqat və inkişaf layihələrinin yerinə yetirilməsi, alim, mütəxəssis və tədqiqatçıların səfər mübadilələri yolu ilə kadr hazırlığı, birgə elmi konfranslar, simpoziumlar, seminarlar, təcrübə kursları və s. təşkili nəzərdə tutulur. İki qurum arasında elm, texnologiya və innovasiya sahəsində anlaşma memorandumunun və əməkdaşlıq müqaviləsinin imzalanmasının, onun əsasında fəaliyyət planının hazırlanmasının əhəmiyyəti vurğulanıb.
E.Babayev BDU-nun 100 illik yubileyi ilə bağlı tədbirlər haqqında məlumat verib və fikir mübadiləsi aparıb. O, professor Fernando Kuevedonu BDU-ya dəvət edib.
Rektor E.Babayev Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzində keçirilmiş “Beynəlxalq kosmik hava təşəbbüsü seminarı”nda (The International Space Weather Initiative (ISWI) Workshop) iştirak edib. Əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə kadr hazırlığı, cihaz və qurğuların yerləşdirilməsi və kosmik hava məlumatlarının təhlili üzrə perspektivlərin müzakirə olunmasından ibarət olan seminar əsasən ISWI şəbəkələrinin daha çox əməkdaşlıq əsasında inkişafı hesabına yeni tədqiqat nəticələrini təşviq edir.
Seminarda bu istiqamətdə çalışan beynəlxalq ekspertlər Günəş-Yer əlaqələrinin fizikası və kosmik hava, kosmik hava cihaz və qurğuları, Günəş fizikası, maqnitosfer, ionosfer və termosfer fizikası, kosmik havanın Qlobal Naviqasiya Peyk Sistemlərinə (GNSS) təsiri, bu sahədə təhsil və araşdırma imkanları mövzularında məruzələrlə çıxışlar ediblər. E.Babayevin “Azərbaycanda kosmik hava və əlaqəli sahələrdə elmi tədqiqatlar” mövzusunda məruzəsi, Azərbaycan alimlərinin bu sahədə apardığı elmi-tədqiqat işləri maraq doğurub, son illər əldə olunan elmi yeniliklər yüksək qiymətləndirilib.
Qeyd edək ki, “Beynəlxalq kosmik hava təşəbbüsü seminarı” kosmik hava tədqiqatlarında istifadə olunan elmi cihaz və qurğuların inkişaf etdirilməsi, bu istiqamətdə ölçmələrin təkmilləşdirilməsi, kosmik hava məlumatlarının digər müvafiq məlumatlarla birlikdə analizi və alınan nəticələrin kosmik hava elmi istiqamətinin inkişaf etdirilməsinə yönləndirilməsini nəzərdə tutan beynəlxalq əməkdaşlıq proqramıdır.
Seminarın əlaqələndiriciləri BMT Xarici Kosmos İşləri üzrə Ofisi (United Nations Office for Outer Space Affairs), ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA), Qlobal Naviqasiya Peyk Sistemləri üzrə Beynəlxalq Komitə (International Committee on Global Navigation Satellite Systems), ABŞ Boston Kolleci, Günəş-Yer Əlaqələrinin Fizikası üzrə Elmi Komitə (Scientific Committee on Solar-Terrestrial Physics), Beynəlxalq Geodeziya və Geofizika Birliyi (International Union of Geodesy and Geophysics), Atmosfer Araşdırmaları Mərkəzi (Centre for Atmospheric Research), Milli Kosmos Araşdırmaları və İnkişafı Agentliyi (National Space Research & Development Agency) və Avropa Kosmos Agentliyidir (European Space Agency).

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər