Azərbaycan Universiteti Cambridge International Academics ilə əməkdaşlığa başladı

Azərbaycan Universiteti Cambridge International Academics ilə əməkdaşlığa başladı Azərbaycan Universiteti ilə Böyük Britaniyanın elmi əməkdaşlıq layihələri həyata keçirən Cambridge International Academics təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb.
Əldə olunan razılığa əsasən tərəflər birgə elmi layihələrin həyata keçirilməsi, konfrans, seminar, simpozium, işçi görüşlərinin, müxtəlif tipli təlim proqramlarının, elmi nəşrlərin təşkil olunması, təhsil xidmətlərinin keyfiyyətinin və səmərəliliyinin artırılması, birgə elmi-tədqiqat işlərinin aparılması və s. kimi sahələrdə əməkdaşlıq edəcəklər.
Sənəddə nəzərdə tutulan əsas əməkdaşlıq istiqamətlərindən biri də Avrasiya Elmlər Akademiyasının təsis edilməsidir ki, Cambridge International Academics bu layihənin reaalaşdırılması üçün regional tərəfdaş kimi Azərbaycan Universitetini seçib. Bu, Universitetdə elmi-tədqiqat işlərinin beynəlxalq səviyyədə təşkili istiqamətində yerinə yetirilən tədbirlərin nəticəsi kimi qiymətləndirilə bilər.
Sənəd Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və Cambridge International Academics təşkilatının baş icraçı direktoru və təsisçisi Shapoor Zarei tərəfindən imzalanıb.
Qeyd edək ki, qurum əməkdaşlarının Azərbaycan Universiteti tərəfindən 14-15 may tarixlərində keçiriləcək “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri - 2018” beynəlxalq elmi konfransında iştirakı planlaşdıırlır. Konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi

Oxşar xəbərlər