
Quba Şəhər Bələdiyyəsinin sədri vəzifəsini icra etmiş Dəstəbəy Tərlanovun qanunsuz əməlləri barədə rayon sakininin müraciəti Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində D.Tərlanovun xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxmaqla Quba bələdiyyəsinə məxsus 2,5 sot torpaq sahəsini bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaq sahəsi kimi rəsmiləşdirməklə fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmasını təmin etmək üçün rayon sakininin 1750 manat pulunu rüşvət kimi tələb edərək almasına, bundan başqa bələdiyyəyə məxsus 3090 manat dəyərində 0,06 hektar torpaq sahəsini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini qəsdən pozmaqla hərrac və müsabiqə keçirilmədən tanışlıq münasibətləri olan ayrı-ayrı şəxslərə qanunsuz olaraq sataraq bələdiyyənin mülkiyyətindən çıxarmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
D.Tərlanov təqsirləndirilən şəxs qismində cəlb edilib. Ona Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Tehsil-press.az