Akademik: İnformasiya Texnologiyaları İnstitutunda mobilliyi təmin edən maddi-texniki baza formalaşdırılmalıdır

Akademik: İnformasiya Texnologiyaları İnstitutunda mobilliyi təmin edən maddi-texniki baza formalaşdırılmalıdır AMEA İnformasiya Texnologiyaları İnstitutunda mobilliyi və çevikliyi təmin edən maddi-texniki baza formalaşdırılmalıdır.
Bu fikri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Elmi şuranın onlayn iclasında çıxışı zamanı səsləndirib.
İclasda institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov “AzScienceNet” elm-kompüter şəbəkəsinin xüsusi karantin rejimindəki fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, mart-aprel aylarında “EapConnect” layihəsi çərçivəsində internet backup (ehtiyat) xəttinin 1Gb/s sürətə çatdırılması, “AzEduNet” şəbəkəsi ilə “AzScienceNet” şəbəkəsi arasındakı əlaqə kanalından istifadə edilən kommunikasiya avadanlıqlarında 10 Gbit/san portların aktivləşdirilməsi və xətlərin qeyd edilən portlara qoşulması işləri aparılıb.
R.Ələkbərov qeyd edib ki, fevralın 10-dan AMEA-nın bəzi institut və təşkilatlarında “CloudNet” adlı yüksək təhlükə dərəcəsinə malik troyan virusu aşkarlanıb, təcili tədbirlər nəticəsində bu problem aradan qaldırılıb. O, koronavirus pandemiyası dövründə “AzScienceNet” şəbəkəsinin fasiləsiz iş rejimində fəaliyyətini davam etdirməsi üçün institut əməkdaşlarından ibarət işçi qrupun yaradıldığını, əməkdaşların Verilənlərin Emal Mərkəzinin fəaliyyətinə növbətçilik prinsipi əsasında texniki dəstək göstərdiklərini söyləyib. Alim pandemiya dövründə AMEA-nın əsas binasında yerləşən institutlarda əməkdaşların kompüterlərində videokonfransların təşkili üçün “Zoom Meeting” proqramının quraşdırılmasına kömək göstərildiyini də qeyd edib.
Həmçinin Fiziologiya İnstitutunun “AzScienceNet” şəbəkəsinə qoşulması üçün yeni optik kabellər çəkilməsi, LoLa-xidmətinin Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında istifadəyə verilməsi, Fizika İnstitutunun şəbəkə infrastrukturunda yeni intellektual kommutatorların quraşdırılması ilə bağlı görülən işlər haqqında məlumat verib. İnstitutun maddi-texniki bazasının vəziyyəti haqqında danışan direktor müavini bu elmi müəssisədə 7 kommutator, 2 marşrutizator tipli avadanlığın sazlandığını və istifadəyə verildiyini nəzərə çatdırıb. Bildirib ki, hazırda institutda “AzScienceNet” şəbəkəsi üzərindən yüksək standartlara uyğun videokonfrans sisteminin yaradılması üçün intensiv işlər aparılır.
Akademik Rasim Əliquliyev AMEA-nın qarşısında duran vəzifələrin icrasında “AzScienceNet”in xüsusi rolunu önə çəkərək şəbəkənin infrastrukturunun təkmilləşdirilməsi, texniki imkanlarının artırılması və maliyyələşdirilməsi ilə bağlı tövsiyələr verib. Alim institutda mobilliyi və çevikliyi təmin edən maddi-texniki bazanın formalaşdırılmasının müasir dövrün tələbi olduğunu diqqətə çatdırıb, rəhbərlik etdiyi qurumda fəaliyyət göstərən alim və mütəxəssislərin bu prosesdə fəal iştirakının zəruri olduğunu deyib.

Tehsil-press.az

Oxşar xəbərlər