AMEA və Monpelye Universitetinin alimlərindən ibarət komissiyanın onlayn görüşü olub

AMEA və Monpelye Universitetinin alimlərindən ibarət komissiyanın onlayn görüşü olub Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq sazişi əsasında 2020-2022-ci illər üçün elan edilmiş müştərək doktorantura proqramına namizədlərin seçimi üzrə birgə komissiyanın onlayn formatda görüşü keçirilib.
Müştərək doktorantura proqramına təqdim edilmiş mövzular üzrə ilkin seçim mərhələlərindən uğurla keçmiş namizədlər komissiyanın qarşısında təqdimatla çıxış edib, komissiya üzvlərinin suallarını cavablandırıblar.
Fikir mübadiləsi məqsədilə AMEA və Monpelye Universiteti tərəfindən komissiya üzvlərinin ayrılıqda müzakirəsi keçirilib. Tərəflər yenidən bir araya gələrək qərarlarını təqdim edib və müzakirə əsasında ümumi nəticəyə gəliblər.
Seçilmiş namizədlər təhsil müddətinin iki ilini Monpelye Universitetində, bir ilini AMEA-da tamamladıqdan sonra həm Azərbaycan, həm də Fransa tərəfindən fəlsəfə doktoru diplomlarına layiq görülmək hüququ qazanırlar.
Xatırladaq ki, 2018-ci ildən bu proqram üzrə 4 doktorant təhsilini Monpelye Universitetində davam etdirir.
Onlayn görüşdə AMEA tərəfindən komissiyanın sədri – AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, üzvlər – AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA-nın akademik-katibi, akademiyanın müxbir üzvü Əminağa Sadıqov və Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva iştirak edib.
İclasda Monpelye Universitetini komissiyanın sədri – bu ali müəssisənin Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti, professor Patrik Karon, üzvlər – biologiya və ətraf mühit (CBS2 və GAIA) üzrə sahələrə məsul doktorluq təşkilatlarından professorlar Erik Julyen və Valeriya Mikard, eləcə də universitetin Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Nadia Laqard təmsil edib.

Tehsil-press.az

Oxşar xəbərlər