“Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda V beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək

“Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda V beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək 2020-ci ilin noyabr ayında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 70 illik yubileyi münasibətilə “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda V beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək.
Konfransda arxivşünaslıq, dokumentalistika, dilçilik, əlyazma abidələrinin mühafizəsi, konservasiya və restavrasiya olunması, əlyazmaşünaslıq/paleoqrafiya, fəlsəfə, kitabşünaslıq, mənbəşünaslıq, mətnşünaslıq, tarixşünaslıq bölmələri üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulur.
Konfrans iştirakçıları Azərbaycan, türk, ingilis və rus dillərində məruzə edə bilər. Məruzə tezislərinin toplu halında nəşri nəzərdə tutulur. Tezislərin son təqdim olunma tarixi oktyabrın 20-sidir.
Tezislərin tərtibinə dair tələblər bunlardır: Mətn MS Word redaktorunda, A4 formatında, 12 ölçülü Times New Roman şrifti ilə, sətirlərarası 1,15-lik interval gözlənilməklə yığılmalıdır. Mətnin hər tərəfindən 2 sm boşluq olmalıdır. Mətnin sol başlığında tezisin aid olduğu elm sahəsinin UOT göstəricisi, bir sətir aşağı sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı və soyadı, onun altında kiçik hərflə, kursivlə iş yeri (təhsil aldığı müəssisə), elmi dərəcəsi, elmi adı (əgər varsa), növbəti sətirdə elektron ünvanı göstərilməlidir. 1 sətir buraxıldıqdan sonra, ortada, hamısı böyük və tünd şriftlə məruzənin adı verilməlidir. Daha sonra 2 sətir buraxılmaqla əsas mətn yerləşdirilməlidir. Əsas mətndən sonra 1 sətir buraxılmaqla istifadə olunmuş ədəbiyyat siyahısı, bir sətir sonra isə ingilis dilində xülasə (mətn ingilis dilində olduqda Azərbaycanca, mətn rus dilində olduqda isə Azərbaycanca və ingiliscə xülasə) verilməlidir. Xülasədən öncə sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı və soyadı, növbəti sətirdə mərkəzdən böyük və tünd şriftlə məruzənin adı, altdan isə kursivlə xülasənin mətni yerləşdirilməlidir. Tezisin mətni xülasə də daxil olmaqla 5000 işarədən və ya 2 səhifədən artıq olmamalıdır.
Qeyd edilib ki, Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.
Maraqlananlar ətraflı məlumatı (+994 12) 492 63 33, (+994 12) 437 21 52 əlaqə nömrəsi, [email protected] elektron poçt ünvanından və www.manuscript.az saytından əldə edə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər