UNEC “SABAH” qruplarının müəllimi Qlobal Foruma üzv seçilib

UNEC “SABAH” qruplarının müəllimi Qlobal Foruma üzv seçilib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “SABAH” qrupları mərkəzinin müəllimi Səfərəli Cavadov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi Məlumatlarının Şəffaflığı və Mübadiləsi üzrə Qlobal Forumunun tərkibində fəaliyyət göstərən Avtomatik Məlumat Mübadiləsi (AEOİ) Qiymətləndirmə Qrupuna üzv seçilib.
Qlobal Forumun 2018-ci ildə keçirilən plenar iclasında razılaşdırıldığı kimi, 2020-ci il ərzində hər bir ölkə üzrə qanunvericiliyin hüquqi bazasının təcrübədə tətbiqinin səmərəliliyinə dair reytinqlər verilməsi və bununla bağlı qərarlar qəbul olunması nəzərdə tutulurdu. Lakin koronavirus pandemiyası ilə əlaqədar 2021-ci il üçün planlaşdırılmış bu prosesin 2022-ci ilədək təxirə salınması istisna edilmir.
Azərbaycan ilk dəfədir ki, bu forumda ekspert qismində təmsil olunur. OECD-nin Vergi Məlumatlarının Şəffaflığı və Mübadiləsi üzrə Beynəlxalq Forumunun tərkibində fəaliyyət göstərən Avtomatik Məlumat Mübadiləsi Qiymətləndirmə Qrupuna üzvlük qurum tərəfindən azərbaycanlı mütəxəssislərə verilən yüksək dəyəri əks etdirir və ölkənin nüfuzuna xidmət edir.
UNEC “SABAH” qruplarının müəllimi Səfərəli Cavadov hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin Maliyyə institutlarında vergi monitorinq şöbəsinin rəisi vəzifəsində işləyir.

Tehsil-press.az

Oxşar xəbərlər