Yaxın Şərq və Şimali Afrikada yeni geosiyasi şərait yaranır

Yaxın Şərq və Şimali Afrikada yeni geosiyasi şərait yaranır Beynəlxalq siyasi analitiklər iddia edirlər ki, Yaxın Şərq və Şimali Afrika regionunda “Soyuq müharibə” dövründən sonra geosiyasi proseslərin üçüncü mərhələsi başlayır.
ABŞ-ın Rutgers Universitetinin Yaxın Şərq Tədqiqatları Mərkəzinin son tədqiqatında bildirilir ki, birinci dalğa Birinci Dünya müharibəsindən sonra – Osmanlı imperiyasının dağılması nəticəsində başlayıb. Sonrakı mərhələ İkinci Dünya müharibəsi, Avropa müstəmləkələrinin süqutu ilə müşayiət olunub. Hazırkı – üçüncü dalğa isə ABŞ-ın Yaxın Şərqdə mövqeyinin zəifləməsi və regionda siyasi iğtişaşlar şəraitində başlayır. Bu kontekstdə “İslam dövləti” adlanan ekstremist qrupun fəaliyyətinin ağır fəsadları da nəzərə alınmalıdır.
Geosiyasət coğrafi məkan, siyasi güc və xarici siyasət kursunun məcmusu kimi dövlətlər, xalqlar, resurslar, ətraf mühit, ticarət marşrutları və digər amillərdən ibarətdir. Qərb politoloqları hesab edirlər ki, Yaxın Şərqdə üçüncü dalğanı gətirən bütün bu sahələr üzrə proseslər zəif dövlətlər, iqtisadi böhran, sosial bərabərsizlik və yoxsulluq, münaqişələr, xarici müdaxilə və radikalizmin getdikcə artması şəraitində davam edir. Qədim sivilizasiyaların mərkəzi, bəşəriyyətə üç böyük səmavi din bəxş etmiş bu regionda fars, ərəb və Osmanlı irslərinin təsiri mühüm amillərdir.
Yaxın Şərq və Şimali Afrikanın zəngin yeraltı və yerüstü sərvətləri olan bu region daim xarici güclər, o cümlədən avropalılar, ruslar və amerikalılar üçün cəzbedici olub. Müstəmləkəçi Avropa, imperialist Rusiya və kapitalist Amerika burada öz təsirini qorumağa həmişə can atıblar. İndi başlayan yeni mərhələnin nəticələri isə ərəb dünyasının birliyi və həmrəyliyindən asılı olacaq.
İkinci mərhələnin xarici aktorları
Tarixdən məlum olduğu kimi, son qlobal İslam gücü - Osmanlı imperiyasının süqutundan sonra Yaxın Şərq və Şimali Afrikada Böyük Britaniya, Fransa və İtaliyanın təsiri artıb. Ərəbləri, xüsusən misirliləri Osmanlıya qarşı üsyana qaldıran da ingilislər olub. Lakin ərəblərə verilən vədlərin heç biri yerinə yetirilməyib. Başqa sözlə desək, avropalılar onları aldadıblar. 1916-cı ildə Böyük Britaniya, Rusiya imperiyası, Fransa və İtaliyanın iştirakı ilə imzalanan Sayks-Piko müqaviləsi ilə Yaxın Şərqdə müəyyən edilən şərtlər isə yeni müstəmləkəçiliyin əsasını qoydu. Ərəblər daha ağır vəziyyətə düşdü və gələcək ərazi mübahisələri, münaqişələrin əsası qoyuldu. Yerli əhaliyə miras olaraq dağılmış iqtisadiyyat, deqradasiyaya uğramış mədəniyyət və talanmış sərvətlər buraxıldı.
İkinci Dünya müharibəsi regionda Avropa müstəmləkələrinin süqutunu şərtləndirdi. Lakin yeni çəkilən sərhədlər Yaxın Şərqdə gələcək münaqişələrin əsasını qoydu. Hakimiyyəti ələ keçirən qəbilə başçıları isə vəziyyəti daha da gərginləşdirdilər. İkinci mərhələdə müstəmləkəçilik neokolonializm ilə əvəz olundu, ABŞ isə zaman keçdikcə regionda Qərbin əsas aktoruna çevrildi. 1958-1961-ci illərdə Misir, Suriya və Birləşmiş Ərəb Əmirliklərində panərəbizm meyilləri gücləndi və Britaniyanın hegemonluğuna son qoyuldu. “Soyuq müharibə” dövründə regiondan geri çəkilən avropalıların yerini isə bir-biri ilə mübarizə aparan ABŞ və SSRİ tutdu. Bu mübarizənin fonunda ərəb dövlətləri İordaniya, Səudiyyə Ərəbistanı, 1958-ci ilədək dövrdə olan İraq və ərəb olmayan İran kimi qərbyönlümü monarxiyalara, Misir, Suriya, Əlcəzair, Liviya və Şimali Yəmənin timsalında İslam sosialist dövlətlərinə bölündülər. İki qlobal güc – Vaşinqton və Moskva arasında regionun zəngin yeraltı sərvətləri uğrunda gərgin mübarizə başlandı və bu, SSRİ-nin süqutuna qədər davam etdi. Daha bir mühüm geosiyasi amil isə regionda İsrail Dövlətinin yaranması və uzun illər davam edən ərəb-İsrail müharibələri oldu.
Üçüncü dalğanı şərtləndirən amillər
Brookings Xarici Siyasət İnstitutunun 10 aparıcı ekspertinin analitik hesabatında qeyd edilir ki, bir neçə onillik millətçi çevrilişlərə, İsraillə müharibəyə, “ərəb baharı” adlı ağır sosial, iqtisadi və siyasi sarsıntılara səhnə olan Yaxın Şərq və Şimali Afrika regionu yeni mərhələyə qədəm qoyur. Hərbi çevrilişdən sonra Misirdə vəziyyət sabitləşib və ölkə inkişaf mərhələsinə adlayıb. Lakin bunu “ərəb baharı”nın ağır fəsadlarından hələ də qurtula bilməyən Tunis, Liviya və Suriya haqqında söyləmək mümkün deyil.
Siyasi analitiklər hesab edirlər ki, ABŞ-ın regionda mövqeyinin zəifləməsi fonunda yeni aktorlar – Çin, Rusiya və Türkiyənin təsiri artmaqdadır. Moskva və Ankaranın Liviya və Suriyada vəziyyəti nəzarət altına alması Qərbi narahat edir. Vaşinqtonun əsas regional siyasəti isə İsrail və ərəb ölkələri arasında münasibətlərin normallaşmasına yönəlib. İlk addım olaraq, Birləşmiş Ərəb Əmirlikləri İsraillə diplomatik münasibətlər qurduğunu və müxtəlif sahələrdə əməkdaşlıq edəcəyini açıqladı. Bunun ardından ABŞ-ın Dövlət katibi Mayk Pompeo və Prezident Donald Trampın Yaxın Şərq üzrə müşaviri Cared Kuşnerin ərəb dövlətlərinin liderləri ilə danışıqları baş tutdu. Bəyan edildi ki, tezliklə 22 ərəb ölkəsi İsraillə münasibətləri normallaşdıracaq. Bunun qarşılığında isə İsrailin Fələstin torpaqlarını ilhaqını dayandıracağı vəd edilib.
Bölgədə şiə ideologiyası zəminində öz təsirini hiss etdirmək istəyən İranın Yəmən və İraqda həmlələri də davam edəcək.
Lakin İŞİD-in ideoloji bazasını təşkil edən Sələfi, digər tərəfdən isə vəhhabi təriqətləri arasında qarşıdurma, “Əl-Qaidə” və digər ekstremist qrupların destruktiv fəaliyyəti yaxın gələcəkdə Yaxın Şərq və Şimali Afrika regionunda silahlı münaqişələrin davam edəcəyini göstərir. Politoloqların fikrincə, ABŞ-ın regionda təsirinin azalması, Vaşinqtonun Yaxın Şərq neftindən asılı olmadığını bəyan etməsi məhz ekstremistlərin əl-qolunu açacaq. Digər tərəfdən, Körfəz Dövlətləri Şurasına üzv ölkələrin ərəb dövləti olan Qətərlə kəskin münasibətləri, İsraillə əlaqələrin qurulması fonunda İranla gərginliyin artması, Yəmən və Liviyada silahlı münaqişələr göstərir ki, regionda dayanıqlı sülhün və sabitliyin tezliklə bərqərar olması mümkün deyil.

Tehsil-press.az

Oxşar xəbərlər