Şərqşünaslıq İnstitutunda Yaxın və Orta Şərq tarixi və siyasətinə dair seminarlar başlanıb

Şərqşünaslıq İnstitutunda Yaxın və Orta Şərq tarixi və siyasətinə dair seminarlar başlanıb AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Tarixi dövrümüzün gerçək siyasəti: Yaxın və Orta Şərq siyasətinin dünya tarixli əhəmiyyəti” mövzusunda seminar keçirilib.
Tədbiri açan elmi müəssisənin direktoru, akademik Gövhər Baxşəliyeva Yaxın və Orta Şərq tarixi və siyasəti seminarlar proqramına start verildiyini bildirib.
Seminarda institutun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov “Tarixi dövrümüzün gerçək siyasəti: Yaxın və Orta Şərq siyasətinin dünya tarixli əhəmiyyəti” mövzusunda məruzə edib. O, ilk olaraq tarix və siyasətin qarşılıqlı təsirindən danışıb, bu iki bilik və düşüncə sahələrini birləşdirən tellərin və ayıran sədlərin mövcudluğuna münasibətini bildirib. Yaxın və Orta Şərqi coğrafi və iqtisadi məkan kimi səciyyələndirən məruzəçi regionun əsas ticarət istiqamətlərindən, xüsusən də İpək yolundan bəhs edib. Tarixdə Yaxın Şərqi vahid siyasi nəzarət altına almaq cəhdlərindən danışan Fərda Əsədov regionda tarixən mövcud olmuş Assuriya, Əhəmənilər imperiyaları, Makedoniyalı İsgəndərin İmperiyası, Roma və Parfiya imperiyalarının rəqabəti, Sasanilər dövləti, Ərəb-müsəlman xilafəti, Səlcuqların fəthləri, Səfəvilər və Osmanlılar dövründə müsəlman dünyasının qütbləşməsi, I Dünya müharibəsinin sonunda Yaxın və Orta Şərqdə baş verən siyasi proseslər, eləcə də Yaxın Şərqdə II Dünya müharibəsindən sonra yaranan vəziyyət, həmçinin hazırkı Yaxın Şərq durumunun konturları barədə ətraflı təhlillər aparıb.
Məruzədən sonra F.Əsədov seminar iştirakçılarının suallarını cavablandırıb və mövzu ətrafında müzakirələr aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər