Peşə təhsili müəssisələrinin tələbələri üçün teledərslərin çəkilişləri davam etdirilir

Peşə təhsili müəssisələrinin tələbələri üçün teledərslərin çəkilişləri davam etdirilir Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə Azərbaycanda peşə təhsili müəssisələrinin tələbələri üçün teledərslərin çəkilişləri davam etdirilir.
2020-2021-ci tədris ili üçün ixtisas modulları üzrə dərslərlə yanaşı, baza modulları üzrə elektron resurslar da hazırlanır.
Hazırlanan videodərslər koronavirus pandemiyası dövründə təhsilin distant formada davam etdirilməsi məqsədilə televiziyada yayımlanacaq.
Yeni tədris ilində tələbələrin distant tədrisinə dəstək məqsədilə sahibkarlıq, şəxsi inkişaf və karyera planlaşdırması, İKT kimi baza modulları, həmçinin kompüter operatoru, dərzi ixtisasları üzrə onlayn dərslər hazırlanıb. Dərslər “ARB Günəş” televiziya kanalında "Dərs vaxtı" adı altında yayımlanacaq, müxtəlif rəqəmsal platformalarda, o cümlədən Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “YouTube” kanalında paylaşılacaq. Həmçinin Təhsil Nazirliyinin video.edu.az portalında yerləşdiriləcək.
Xatırladaq ki, dərslər Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə icra etdiyi Azərbaycanın peşə təhsili və təlimi sisteminin daha da gücləndirilməsi və müasirləşdirilməsi məqsədilə həyata keçirilən “Lənkəran iqtisadi rayonunda regional model peşə təhsili mərkəzinin yaradılması” və “Gəncədə sənaye üzrə regional peşə kompetensiya təhsili mərkəzinin yaradılmasına dəstək” layihələri çərçivəsində hazırlanır.

Tehsil-press.az

Oxşar xəbərlər