46 yaşlı Sarxan Mikayılov Bakı Ali Neft Məktəbini seçdi

46 yaşlı Sarxan Mikayılov Bakı Ali Neft Məktəbini seçdi Bu il Bakı Ali Neft Məktəbinə Biznesin idarəedilməsi (MBA) proqramı üzrə qəbul olan 50 tələbədən biri də Sarxan Mikayılovdur. 1974-cü il təvəllüdlü Sarxan Mikayılov tələbə yoldaşlarının hamısından yaşca böyükdür. 24 il sonra yenidən təhsil almaq istəyinə səbəb çox sürətlə inkişaf edən elmi texniki tərəqqi və daimi dəyişən dünya reallıqları ilə ayaqlaşmaq istəyidir. 46 yaşında Bakı Ali Neft Məktəbini seçən Sarxan Mikayılov bu barədə fikirlərini AZƏRTAC-la bölüşüb.
O bildirib ki, müasir insan yaşından asılı olmayaraq öz üzərində işləməli, biliklərini təkmilləşdirməli, lazım gəldikdə yeni biliklərə yiyələnməkdən çəkinməməlidir. Karyeramın geri qalan illərini biznes sahəsində fəaliyyət göstərən şirkətlərin idarəedici orqanlarında təmsil olunmağı, çalışacağım yerə daha çox fayda verməyi və əlbəttə, öz biliklərimi daha da təkmilləşdirməyi düşünürəm. Bunun üçün əvvəlki iş təcrübəmə nə qədər güvənsəm də, biznes idarəetməsi üzrə təhsilim olmadığından yenidən təhsil almaq qərarına gəldim. Hesab edirəm ki, idarəetmə nə qədər təcrübə və bacarıqlara əsaslansa da, müasir dövrümüzdə nəzəri biliklərsiz faydalı nəticə əldə etmək, hədəfə çatmaq çox çətindir. BANM-dəki təhsildən əsas gözləntim MBA proqramında fənlərin yüksək səviyyədə tədris olunmasıdır. Bu mənim nəzəri biliklərimin artmasına, təcrübi biliklərimin isə daha da sistemləşməsinə töhfə verəcək. Bakı Ali Neft Məktəbi ölkədə fəaliyyət göstərən və beynəlxalq standartların tələblərinə cavab verən ali məktəblərin ilk üçlüyündə təmsil olunur. Məqsədim daha keyfiyyətli təhsil almaq olduğundan Bakı Ali Neft Məktəbini seçdim.
Qeyd edək ki, 1991-1996-cı illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsini qırmızı diplomla bitirən S.Mikayılov hazırda Azərbaycanda yeganə olan “Azre Təkrarsığorta” ASC-də Aktuar departamentinin direktoru – məsul aktuari vəzifəsində çalışır.
2011-2015-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Aktuarlar Assosiasiyasının dəstəyi ilə keçirilən altı mərhələdən ibarət “Aktuari kursları”nı müvəffəqiyyətlə başa vurub. On beş illik karyerası müxtəlif biznes sahələrini (informasiya texnologiyaları və proqramlaşdırma, metallurgiya, poliqrafiya) əhatə edir. 2011-ci ildən isə sığorta sahəsində fəaliyyət göstərir.

Tehsil-press.az

Oxşar xəbərlər