BANM-də Layihə İdarəetmə Məktəbinin Məzun Günü keçirilib

BANM-də Layihə İdarəetmə Məktəbinin Məzun Günü keçirilib Noyabrın 1-də Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan və ABŞ-ın Corc Vaşinqton Universitetinin Magistr proqramı əsasında tədris edilən Layihə İdarəetmə Məktəbinin (SPM) Məzun Günü keçirilib. Tədbirdə SOCAR və BP şirkətlərinin rəhbər şəxsləri və digər qonaqlar iştirak ediblər. Məzunlarına Corc Vaşinqton Universitetinin Magistr sertifikatı verən təlim proqramını - Layihə İdarəetmə Məktəbini bu dəfə 12 müəssisənin 47 mütəxəssisi bitirib.
Məzunlar arasında SOCAR və şirkətin “Azneft” İB, “Azərikimya” İB, Neftqaztikinti Tresti, Kompleks Qazma İşləri Tresti kimi təşkilatlarının, “Azərsu” ASC, BP, EY, WorleyParsons, Caspian Business Management and Consulting, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, Gate Baku kimi şirkətlərin rəhbər işçiləri və məsul əməkdaşları var.
Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Layihə İdarəetmə Məktəbinin məzunlarını proqramı uğurla başa vurmaları münasibətilə təbrik edərək bildirib ki, artıq ikinci ildir BANM-də reallaşdırılan Layihə İdarəetmə Məktəbinin məzunlarından bir çoxu proqramı bitirdikdən sonra karyeralarında mühüm irəliləyişlər əldə ediblər.
Tədbirdə çıxış edən SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov deyib: “SOCAR-ın Bakı Ali Neft Məktəbi bu gün texniki fənlər sahəsində ölkəmizin aparıcı ali məktəbi olmaqla parlaq zehinli gənclərimizi cəmləşdirərək, onlara beynəlxalq tədris proqramları əsasında ingilis dilində ən yüksək səviyyədə təhsil almaq imkanı yaradır. Ölkəmizin gələcəyi olan gənc mütəxəssislərimizin inkişafı, korporativ biznes mühitinə inteqrasiyası və praktiki səriştələrinin artırılması baxımından bu cür layihələri olduqca mühüm hesab edirəm. Bu layihədə müvəffəqiyyətə nail olmuş bütün məzunlarımızı ürəkdən təbrik edirəm”.
Tədbirdə, həmçinin layihənin icrasında böyük rolu olan Böyük Britaniyanın Stratex şirkətinin biznesin inkişafı üzrə meneceri Ed Hyuez çıxış edib və məzunları ürəkdən təbrik edib. Daha sonra məzunlar Layihə İdarəetmə Məktəbinin onların professional karyeralarına böyük töhfə olduğunu və burada qazandıqları yeni biliklərin peşəkarlıqlarının yüksəlməsinə mühüm praktiki töhfələr verdiyini bildiriblər. Sonda məzunlara ABŞ-ın Corc Vaşinqton Universitetinin Magistr sertifikatı təqdim edilib.
Xatırladaq ki, son bir ildə dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlər Layihələri İdarəetmə Məktəbinə böyük maraq göstərərək, öz əməkdaşlarının ixtisasartırması baxımından onların bu layihədə iştirakına üstünlük verir. Məktəbdə Layihələrin İdarə olunmasının 7 modulu üzrə ABŞ-ın Corc Vaşinqton Universitetinin Magistr proqramı əsasında təlim keçirilir. Həmin modullara layihələrin idarə edilməsi, layihəyə rəhbərlik, idarəetmə və kommunikasiya, risklərin idarə edilməsi, planlaşdırma və xərclərə nəzarət, layihə menecerləri üçün keyfiyyət, layihənin idarə edilməsinin tətbiqi mexanizmləri, layihələri idarəetmə mütəxəssisi (PMP) imtahanına hazırlıq, layihə menecerləri üçün danışıqların aparılması bacarıqları kimi kurslar daxildir.

BANM-nin Mlətbuat Xidməti

Oxşar xəbərlər