Xaricdə yaşayan azərbaycanlılardan İlham Əliyevə təbrik məktubu

Xaricdə yaşayan azərbaycanlılardan İlham Əliyevə təbrik məktubu Xaricdə yaşayan azərbaycanlıların Koordinasiya Şuraları, Xaricdəki Azərbaycan evləri Ali Baş Komandan İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz!!!
Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini sonsuz sevinc və fərəh hissi ilə qarşıladıq. Şuşa xalqımızın mədəniyyət beşiyi, Azərbaycanın baş tacıdır. Bu sevinci xalqımıza, dünya azərbaycanlılarına bəxş etdiyiniz üçün Sizə, müzəffər Azərbaycan ordusuna eşq olsun!!!
Cənab Ali Baş Komandan, uzun illərdir gözlədiyimiz müraciətinizlə bu şad xəbəri xalqımıza çatdırarkən, hər zaman olduğu kimi, bizləri – xaricdə yaşayan azərbaycanlıları da unutmadız, xüsusi qeyd etdiz.
Biz xaricdə yaşayan azərbaycanlılar, azərbaycanlıların Koordinasiya Şuraları, Azərbaycan evləri, bir sözlə Azərbaycan diasporu olaraq hər zaman Sizin, dövlətimizin yanındayıq. Hər birimiz Ali Baş Komandanın əsgərləriyik.
Sizin tövsiyələrinizə uyğun olaraq, hər zaman həqiqətləri təbliğ etmək, dövlətimizin haqq səsini dünyaya çatdırmaq Azərbaycan diasporunun fəaliyyətinin prioritetini təşkil edib.
Cənab Ali Baş Komandan, bundan sonra da Sizin rəhbərliyinizlə, işğaldan azad edilən Şuşamızın, Cəbrayılımızın, Füzulimizin və digər ərazilərimizin yenidən qurulması, işğaldan əvvəlkindən də daha gözəl şəkildə dirçəldilməsi üçün əlimizdən gələni edəcəyik.
Cənab Prezident, icazə verin xaricdə yaşayan azərbaycanlıların sevinc və minnətdarlıq dolu təbriklərini Sizə çatdıraq. Allah Sizi və müzəffər Ordumuzu qorusun!!!
Qələbəmiz mübarək olsun!!!”.

Tehsil-press.az

Oxşar xəbərlər