“Hər zaman yanınızdayıq”

“Hər zaman yanınızdayıq” Dünyanı ağuşuna almış koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı mühüm addımlar, insanların sağlamlığının qorunması ilə bağlı verdiyi qərarlar vətəndaşlar tərəfindən dövlət başçısının xalqa diqqət və qayğısının əyani göstəricisi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları məhz Prezident İlham Əliyevin gördüyü mühüm işlər nəticəsində xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına əminliklərini bildirir, göstərdiyi diqqət və qayğıya görə ona minnətdarlıq edirlər.
Prezidentə minnətdarlıq məktubları göndərənlər arasında müəllimlər də var. Onlardan bir neçəsinin məktubunu təqdim edirik:
Füzili rayonundan olan Cəmalə Məmmədova yazır: "Hörmətli cənab Prezident. Mən vətənpərvər Azərbaycan vətəndaşı və müəllimi olaraq ilk öncə təhsil sahəsinə göstərilən qayğıya, həmçinin koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində müəllimləri düşünərək, əməkhaqları ödənilməklə onlara evdə qalmaq şəraiti yaratdığınıza görə Sizə təşəkkür edirəm. Biz müəllimlər ev şəraitində olsaq da, gələcəyimiz olan uşaqların təhsildən yayınmamaları üçün əlimizdən gələni edəcək, Sizin qayğınıza yorulmadan çalışmaqla cavab verəcəyik. Bir daha Sizə dərin minnətdarlığımı çatdırır, uğurlar diləyirəm. Allah Sizi qorusun".
İsmayıllı rayonun E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin direktoru Əhmədağa Ələkbərov: "Hörmətli cənab Prezident. Bu gün bütün dünyanın bir nömrəli bəlasına çevrilmiş COVİD-19-yeni növ koronovirus pandemiyası bizim ölkədən də yan keçmədi. Əminliklə deyə bilərik ki, Sizin uzaqgörən və düşünülmüş siyasətiniz bütün azərbaycanlıların dərin rəğbətini qazanmışdır. Qeyd etdiyiniz kimi, əgər vaxtında doğru və qətiyyətli addımlar atılmasaydı, əgər çox ciddi koordinasiya aparılmasaydı, bu gün Azərbaycanımız daha böyük problemlərlə üzləşə bilərdi. Necə ki, dünyanın güclü dövlətləri hesab edilən ölkələr bu gün bu pandemiya qarşısında acizliklərini etiraf etmək məcburiyyətində qalıblar. Bir rəhbər olaraq, Azərbaycana, xalqımıza, ən kiçiyindən ən yaşlısına qədər bəslədiyiniz səmimiyyət və sevgi hissləri açıq-aydın duyulur. “Biz birlikdə güclüyük” deməklə xalqımızı bir yumruq halında birləşdirə bildiniz. Elə onun nəticəsidir ki, bu gün xalqımız həm özünü, həm də dövlətini düşünərək bir-birinə dəstək olur, tezliklə bu ümumbəşəri bəladan üzüağ, alnıaçıq çıxmaq yolunda səfərbər olub. Biz, İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin pedaqoji kollektivi hər zaman olduğu kimi, Sizin bu sahədə də siyasətinizi dəstəkləyir və qürurla qeyd edirik ki, hər zaman Sizin yanınızdayıq. Azərbaycanımıza, xalqımıza verdiyiniz dəyərə, göstərdiyiniz qayğı və diqqətə görə Sizə səmimi qəlbdən təşəkkür edirik".

Tehsil-press.az

Oxşar xəbərlər