BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələri ilə Vətən müharibəsində iştirak etmiş məzunların görüşü

BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələri ilə Vətən müharibəsində iştirak etmiş məzunların görüşü Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin tələbələri ilə Vətən müharibəsində iştirak etmiş məzunlar arasında onlayn görüş olub.
Tədbirdə Vətən müharibəsi iştirakçıları - qeyd olunan fakültənin regionşünaslıq (İran üzrə) ixtisası üzrə məzunu Fuad Mənsimov və regionşünaslıq (ərəb ölkələri üzrə) ixtisası üzrə məzunu Kamil Allahverdiyev iştirak ediblər.
Görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin moderatoru, fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Şahin Yusifli Vətən müharibəsindən danışıb, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun xalqımıza qələbə sevincləri yaşatdığını deyib. O, qəhrəman zabit və əsgərlərimizin fədakarlığı ilə torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb. Vətən müharibəsində iştirak etmiş tələbə və məzunlar ilə tanışlığın, onların vətənpərvərlik haqqında fikirlərinin əhəmiyyətini söyləyib.
BDU-nun Gənclər və humanitar məsələlər şöbəsinin müdiri Ramin Səmədov ölkədə aparılan uğurlu gənclər siyasətinin Vətən müharibəsi zamanı verdiyi müsbət nəticələr, universitet tələbələrinin ön cəbhələrdə göstərdiyi qəhrəmanlıqlar barədə söz açıb.
Fakültənin məzunu, “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin rəhbəri Fuad Mənsimov müharibədə keçdiyi yol, düşmən üzərində parlaq qalibiyyətə aparan yolun çətinliyi və şərəfi barədə təəssüratlarını bölüşüb.
Müharibə iştirakçısı Kamil Allahverdiyev keçdiyi döyüş yolu, şanlı ordumuzun göstərdiyi şücaətlərdən bəhs edib.

Tehsil-press.az

Oxşar xəbərlər