“Nizami Gəncəvi İli”nə həsr olunan beynəlxalq konfransın təşkilat komitəsinin ilk iclası keçirilib

“Nizami Gəncəvi İli”nə həsr olunan beynəlxalq konfransın təşkilat komitəsinin ilk iclası keçirilib Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, “Paşa Holdinq” şirkətlər qrupunun baş sponsorluğu ilə təşkil olunacaq III iqtisadiyyat və idarəetmə sahəsində magistr və doktorantların beynəlxalq elmi konfransının təşkilat komitəsinin ilk iclası keçirilib.
UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) direktoru, dosent Fariz Əhmədov iştirakçılara məlumat verib ki, iyunun 4-dən 7-dək Gəncə şəhərində keçiriləcək konfrans Nizami Gəncəvinin 880 illiyinə həsr ediləcək və “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusunda olacaq. Konfransda Nizami Gəncəvi və onun iqtisadi fikirləri, Qarabağın iqtisadiyyatı, KOB-ların inkişafı, IV sənaye inqilabı, COVID-19 pandemiyasının iqtisadi təsirləri, sosial sahibkarlıq, sosial biznes və digər mövzularla bağlı məruzələr qəbul olunacaq. F.Əhmədov konfransın məruzə kitablarının “Google Scholar” bazasında indekslənməsi üçün müvafiq tədbirlərin görüldüyünü bildirib. O, konfransın elm komitəsi tərəfindən seçiləcək məruzələrin kitab halında Harvard, Oksford, Yale, Stanford, Columbia, Toronto, Duke və digər nüfuzlu universitetlərin, dövlət kitabxanalarının kataloqlarında yerləşdirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Sonra təşkilat komitəsinin sədri İlkin Məmmədov konfransın yeni dizayn olunmuş, müasir və beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmış yeni veb-saytının təqdimatını edib. Saytdakı yeniliklər, konfransın təbliğat və təşviqatı istiqamətində görülən işlər, məruzələrin göndərilməsi və dəyərləndirilməsi prosesləri barədə məlumat verilib.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev konfransın Azərbaycan təhsilinə böyük töhfələr verəcəyindən əminliyini ifadə edib.
Deputatlar Pərvin Kərimzadə, Müşfiq Cəfərov və Naqif Həmzəyev konfransın “Nizami Gəncəvi İli” çərçivəsində Gəncədə keçirilməsini yüksək qiymətləndirib, konfransın işinə uğurlar arzulayıblar.
Çıxışlardan sonra təşkilat komitəsi üzvlərinin təklifləri dinlənilib, konfransın rəsmi olaraq təbliğat və təşviqat işinə start verilib. Konfransla bağlı ətraflı məlumatı www.conferences.az saytından əldə etmək mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər