UNEC-də əlilliyi olan tələbələrin poeziya axşamı: Sətirlər istedadlı ürəklərdən gəlir

UNEC-də əlilliyi olan tələbələrin poeziya axşamı: Sətirlər istedadlı ürəklərdən gəlir Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnklüziv təhsil mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli”nə həsr olunan “Sətirlər istedadlı ürəklərdən gəlir” adlı tədbir keçirilib.
Tədbirdə universitetin tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova istedadlı tələbələrin tanıdılması və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə ədəbi-bədii görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, UNEC-də bu istiqamətdə mütəmadi olaraq layihələr həyata keçirilir, istedadlı gənclərin bacarıqlarının aşkarlanaraq, daha da inkişaf etdirilməsi üçün universitetdə onlara müvafiq şərait yaradılır. S.Qəndilova əlilliyi olan tələbələrin UNEC-də rahat şəkildə təhsil alması məqsədilə inklüziv mühitin yaradıldığını, həmin tələbələrin daim universitetin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.
Tədbirin moderatoru, UNEC İnklüziv təhsil mərkəzinin koordinatoru Sevinc Məhsimova iştirakçıları təqdim edərək, tədbirin proqramı barədə məlumat verib.
Tədbirdə Maliyyə fakültəsinin tələbəsi, Radio UNEC-də İnklüziv təhsil proqramının aparıcısı Nigar Hüseynova Nizami Gəncəvinin həyatı və əsərləri barədə danışıb. Qiyabi təhsil alan tələbələrdən Məhsim Bədirxanlı müəllifi olduğu şeirləri səsləndirib, Seyfullah Əliyev isə öz romanı haqqında məlumat verib. Paralimpiyaçı Amid Həsənquliyev vətənpərvərlik mövzusunda özünün müəllifi olduğu musiqini ifa edib, gənc yazıçı Samir İmanov müəllifi olduğu kitablarından söz açıb.
Görüşdə iştirak edən Türkiyənin Qlobal Əngəllilər Vəqfinin üzvü, sosioloq Mansur Meçin əlilliyi olan gənclərin cəmiyyətə inteqrasiyasından bəhs etdikdən sonra müəllifi olduğu “Yaşam istərim” şeirini səsləndirib.
Tədbir Səbail rayon 219 saylı evdə təhsil orta məktəbinin müəllimi Maral Vəliyeva, 1-ci Qarabağ müharibəsinin qazisi Bəhlul Əliyev, “İstedadlı Əlillər” İctimai Birliyinin üzvləri Təvəkkül Əliyev və Mənsur Rəhimovun Nizami Gəncəvinin qəzəllərinə həsr olunan çıxışları, muğam ifaları ilə davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər