Bu çərçivədə Bakı Dövlət Universitetində (BDU) müəllim və tələbələr üçün xüsusi təlimlər təşkil olunub. Təlimlərdə iştirak etmək üçün 50-dək müəllim və 110-a yaxın tələbə qeydiyyatdan keçib. Bu göstərici ölkəmizdə ərəb dilinə artan marağın və bu sahədə peşəkar hazırlığa olan ehtiyacın bariz nümunəsidir.
Proqram çərçivəsində ümumi anlayışlar, testlərin əhəmiyyəti, dilin komponentləri, kommunikativlik və onun növləri, həmçinin dil tədrisində texnologiyanın tətbiqi kimi mövzular əhatə olunur. 4 gün davam edəcək təlimlər iştirakçıların nəzəri biliklərinin dərinləşməsinə, metodiki yanaşmalarının zənginləşməsinə, eləcə də praktik bacarıqlarının inkişafına xidmət göstərir.
Təlimlərə İmam Məhəmməd ibn Səud Universitetinin professoru Saleh Nasser Al-Şuvairkh və Mədinə İslam Universitetinin dosenti Maher Dakhil Allah Al-Sa’edi mentorluq edirlər. Onların iştirakı proqramın elmi-metodiki dəyərini artırmaqla yanaşı, təlimə qatılanlar üçün müasir yanaşmalarla tanışlıq imkanı yaradır.
“Ərəb dili ayı” çərçivəsində həyata keçirilən bu təşəbbüs həm BDU-da ərəb dili tədrisinin keyfiyyətini yüksəltməyi, həm də Azərbaycanda gənclərin bu sahəyə marağını daha da gücləndirməyi hədəfləyir. Layihənin nəticələri ərəb dili üzrə peşəkar mütəxəssislərin hazırlanmasına, elmi-mədəni əməkdaşlığın genişlənməsinə və Azərbaycan–Səudiyyə Ərəbistanı əlaqələrinin inkişafına mühüm töhfə verəcək.
Tehsil-press.az