“Magistrlik dissertasiyasının tərtibi qaydaları” mövzusunda təlim keçirilib

“Magistrlik dissertasiyasının tərtibi qaydaları” mövzusunda təlim keçirilib Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Turizm biznesi kafedrasının təşkilatçılığı ilə magistrantlar üçün “Magistrlik dissertasiyasının tərtibi qaydaları” mövzusunda təlim keçirilib.
Universitetin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı dosent Bahadur Bilalov onlayn formatda təşkil edilən təlimin əhəmiyyətini vurğulayıb, kafedranın magistr hazırlığı sahəsindəki fəaliyyətini müsbət dəyərləndirib. O, 2021/2022-ci tədris ilinin yaz semestrində elmi-tədqiqat və dissertasiya işlərinin hazırlanması prosesində təcrübələrin əhəmiyyətindən bəhs edib.
Turizm biznesi kafedrasının müdiri dosent Hafiz Hüseynov təlimin proqramını və təlimçilərə dair məlumatları iştirakçıların diqqətinə çatdırıb. Hafiz Hüseynov magistrlərin hazırlığı ilə bağlı məsələlərə məsuliyyətlə yanaşıldığını, eyni zamanda, kadr potensialının gücləndirilməsi, tələbələrin elmi biliklərinin və peşə vərdişlərinin inkişaf etdirilməsi məqsədilə vaxtaşırı görüşlərin təşkil edildiyini deyib.
“Magistrlik dissertasiyasının tərtibinin ümumi müddəaları və dissertasiyaların hazırlanmasının strukturu” mövzusunda çıxış edən ATMU-nun Tədris-metodiki şöbənin müdiri, Turizm biznesi kafedrasının müəllimi Həcər Eldarova iştirakçıları Azərbaycan Respublikasının qanunvericilik sənədlərində magistratura təhsilinin məzmunu, təşkili, magistrlik dissertasiyalarının hazırlanması haqqında müddəalarla tanış edib. Magistrlik dissertasiyasının struktur bölmələri və tərtibi qaydalarını diqqətə çatdıran Həcər Eldarova dissertasiya işlərinin hazırlanması prosesində mühüm amil sayılan elmi və texniki məqamlara da aydınlıq gətirib.
Sonra Elm və innovasiya şöbəsinin mütəxəssisi Hacı Qasımlı “Antiplagiat sistemi üzrə qaydalar” mövzusunda çıxış edib. Məruzəçi antiplagiat proqramı və ondan istifadə qaydalarından söz açıb.
Tədbirin sonunda təlimçilər magistrantların suallarını cavablandırıblar.

Tehsil-press.az


Oxşar xəbərlər