Dual peşə təhsili proqramı çərçivəsində aşpaz ixtisası üzrə tədris vəsaiti müzakirə olunub

Dual peşə təhsili proqramı çərçivəsində aşpaz ixtisası üzrə tədris vəsaiti müzakirə olunub Peşə təhsili müəssisələri və işəgötürənlərin iştirakı ilə dual peşə təhsili proqramı çərçivəsində aşpaz ixtisası üzrə kurikulumun müzakirəsinə dair dəyirmi masa təşkil edilib.
Dəyirmi masanın məqsədi əmək bazarında mühüm rol oynayan işəgötürənlərin və peşəkarların hazırkı təhsil proqramı və modulları üzrə rəylərinin alınması və ixtisasın əmək bazarının tələblərinə tam uyğunlaşdırılması üçün təkliflərinin öyrənilməsi olub.
BMT-nin İnkişaf Proqramının layihə meneceri Eltəkin Ömərov layihə haqqında məlumat verib. Bildirilib ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə icra olunan layihə 2020-2024-cü illəri əhatə edir. Layihə bir neçə istiqamətdə icra olunur. İstiqamətlərdən biri də tədris vəsaitlərinin, kurikulumların hazırlanmasıdır.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Zaur Əliyev qeyd edib ki, son dövrlərdə aşpaz ixtisasına maraq artıb. Bununla əlaqədar aşpazlıq ixtisasının əhatə dairəsi genişləndirilib. Həm paytaxt Bakıda, həm də rayonlarda bu ixtisasa müraciət edənlərin sayı nəzərəçarpacaq dərəcədə çoxalıb. Ölkədə turizmin inkişafı ilə əlaqədar olaraq işəgötürənlərin də aşpaz kadrlarına ehtiyacları yüksəkdir.
Tədbirdə rəsmi tərəflərlə yanaşı, “Azərbaycan Aşpazlar Gildiyası”, Azərbaycan Kulinariya Sənətləri Mərkəzi “CÀSÀ”, “Böyüksaray”, “Saffron” restoranlar qrupuna aid olan “Paris Bistro”, “Amburan”, “Hard Rock Cafe”, “Zazu”, “Big Chef” restoranları, eləcə də “Four Seasons”, “Boulevard Mariott Hotel”, “JW Mariott Hotel”, “Courtyard by Mariott” mehmanxanalarının aşpazları və mütəxəssisləri iştirak edib.
Dəyirmi masada kurikulum üzrə mütəxəssis tərəfindən səriştə əsaslı təlim, peşə və kvalifikasiya standartı, kurikulum formatı, modul yanaşması və işəgötürənlərin gözləntiləri mövzularında müzakirələr olunub. Peşə təhsili almış qadın və kişi tələbələrin işə başlayarkən qarşılaşdığı çətinliklər, peşə təhsili müəssisələrində cari tədrisin bazara uyğunluğu nəzərdən keçirilib. Aşpazlığa dair tədris mövzuları üzrə qrup işləri aparılıb. Tədrisin təkmilləşdirilməsi üçün Azərbaycanın aparıcı mehmanxana və restoranlarını təmsil edən mütəxəssislərin fikirləri öyrənilib və qeydə alınıb.
Qeyd edək ki, tədbir Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunub. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsili müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər