Çində COVID-19 virusuna sutkalıq yoluxmalar azalsa da, ölüm halları yüksək olaraq qalır

Çində COVID-19 virusuna sutkalıq yoluxmalar azalsa da, ölüm halları yüksək olaraq qalır Çində COVID-19 pandemiyasının hazırkı “omikron” dalğasında son günlər sutkalıq yoluxma sayında azalma müşahidə olunsa da, ölüm sayı yüksək olaraq qalır.
Ötən sutka 15 min 588 yerli yoluxma, o cümlədən 9 min 942 simptomsuz hal aşkarlanıb. Yoluxmaların əsas hissəsi yenə də ölkənin işgüzar mərkəzi olan Şanxayda (15 min 32 hal) qeydə alınıb. Elə ötən sutka Çində COVID-19 virusu səbəbindən ölən 52 nəfərin hamısı Şanxay sakini olub. Bu rəqəm hazırkı “omikron” dalğasında aprelin 26-da qeydə alınmış antirekordun təkrarıdır. Ölənlərin yaşlı insanlar olduğu və yanaşı xəstəliklərdən əziyyət çəkdiyi bildirilir. Diqqətçəkən məqamlardan biri də simptomlu xəstələrin, o cümlədən ölənlərin böyük hissəsinin COVID-19 virusuna qarşı vaksinasiyadan keçməyən yaşlı insanlar olmasıdır. Elə bu səbəbdən də Çində yaşlı insanların vaksinasiyası sürətləndirilib.
“Omikron” dalğasının yeni episentri olan Pekində isə yoluxmaları nəzarət altına almaq və yoluxma ehtimalı olanların aşkarlanması üçün kütləvi test prosesi davam edir. Aprelin 25-dən etibarən əvvəlcə paytaxtın Çaoyan rayonunda, sonradan isə bütün şəhər üzrə kütləvi test prosesi icra olunur. Bunun üçün yaşayış məhələlərində və iş yerlərində səyyar test məntəqələri quraşdırılıb. Pekində virusla mübarizə tədbirləri çərçivəsində kütləvi tədbirlər ləğv olunub, orta məktəblərdə qarşıdan gələn 1 May – Əmək bayramı ilə əlaqədar tətil bir gün erkən başlayıb. Sakinlərə ciddi səbəb olmadığı halda şəhəri tərk etməmək tövsiyə olunub. Şəhərdəki 5 yüksək və 16 orta riskli zonada qapanma tətbiq olunur.
Əslində 21 milyon sakini olan Pekində sutkalıq yoluxma göstəricisi 2 rəqəmli ədədlə ifadə olunsa da, “Sıfır virus” siyasətini tətbiq olunduğu Çində yoluxuculuq qabiliyyəti yüksək olan “omikron” ştamının sürətlə yayılma ehtimalı narahatlıq doğurur. Pekinin səlahiyyətli qurumları şəhərdə gizli yoluxmaların olmasını istisna etmir. Yaxınlaşan 1 May –Əmək bayramı ilə əlaqədar 4 günlük bayram tətilində turizm səfərlərinin çoxalmasının kənardan şəhərə virus axınına səbəb olma ehtimalı da səlahiyyətli qurumları qayğılandırıb.
Pekin sakinləri Şanxayda bir aydır davam edən qapanma rejiminin Pekində də tətbiq olunacağından ehtiyat edərək, ərzaq və gündəlik tələbat malları almaq üçün marketlərə, bazarlara axışırlar. Bu səbəbdən bəzi marketlərdə satışa çıxarılan məhsullar qısa zamanda qurtarır. Elektron ticarət mağazaları isə sifarişlərin çoxluğu səbəbindən işçi çatışmazlığı ilə üzləşib.
Çinin təxminən 12 milyon sakini olan Hancou şəhərində də kütləvi test prosesinə start verilib. Sakinlər 48 saatdan bir test verməlidirlər. Bu qaydaya əməl etməyənlərin ictimai məkanlara girişinə və ictimai nəqliyyatdan istifadəsinə qadağa qoyulub.
Çinin iri ticarət və istehsal şəhəri olan Quancoda isə pandemiya ilə mübarizə tədbirləri çərçivəsində “Baiyun” hava limanında yerli sərnişin uçuşları dayandırılıb.
Qeyd edək ki, martın əvvəlindən Çinin müxtəlif yaşayış məntəqələrində virusa yoluxmaların çoxalması fonunda epidemik vəziyyət gərginləşib. Mütəxəssislər hazırkı dalğanı Çinin Uhan böhranından sonra COVID-19 pandemiyası ilə ikinci böyük mübarizəsi hesab edirlər. “Virusla birgə həyat” strategiyasını tətbiq edərək, karantin qaydalarını maksimum dərəcədə yumşaldan bir çox ölkədən fərqli olaraq, Çin daha az hospitalizasiyaya səbəb olan “omikron” dalğasında da “Sıfır COVID” və ya “Virussuz həyat” prinsipinə sadiq qalır. “Sıfır COVID” strategiyası yoluxmalar aşkarlanan yaşayış məntəqələrində lokal qapanmaların tətbiqi və kütləvi test prosesinin icrası ilə yoluxma zəncirini dayandırmağı, bununla da virusun ölkəyə yayılmasının qarşısını ilkin mərhələdə almağı əhatə edir. Səlahiyyətli qurumlar “Virusla birgə yaşayış” prinsipinin 1,4 milyard əhalisi olan Çində tətbiq olunacağı təqdirdə, sutkalıq yoluxma sayının yarım milyona, simptomlu xəstə sayının isə 10 minə çatacağını, ölkənin səhiyyə sisteminin bu yükü qaldıra bilməyəcəyini, nəticədə fəlakətli vəziyyətin yarana biləcəyini güman edir. Çin hökuməti iqtisadiyyata mənfi təsirinə baxmayaraq “Sıfır COVID” strategiyasının ölkə üçün daha uyğun olduğunu düşünür.

Tehsil-press.az


Oxşar xəbərlər