"Əlaçı məzunları işlə təmin edə bilməmişiksə, bu, o deməkdir ki, pedaqoji ixtisaslara bu qədər çox yer ayırmağa ehtiyac yoxdur".Bu sözləri elm və təhsil eksperti Səbuhi Abdullayev söyləyib.
Ekspertin sözlərinə görə, son illərdə həm mətbuatda, həm də sosial şəbəkələrdə kifayət qədər narazılıqlar müşahidə olunub.
"Belə ki, 90-91 bal toplayan namizədlər müəllimlərin işə qəbulu üzrə vakansiyalara müraciət etsələr də, işlə təmin olunmayıblar. Bu yerlərin kifayət qədər az olması ilə bağlıdır.
Bu, onu göstərir ki, 90-91 bal toplayan, yəni əla qiymətlərlə məzun olan şəxslər iş tapmaqda çətinlik çəkirlər. Onlar təkcə universiteti yüksək nəticələrlə bitirməyiblər, həm də əlavə hazırlıq keçərək bu nəticələri əldə ediblər. Əgər əlaçı məzunları işlə təmin edə bilməmişiksə, bu o deməkdir ki, pedaqoji ixtisaslara bu qədər çox yer ayırmağa ehtiyac yoxdur. Daha yüksək keyfiyyətə üstünlük verilməli, kəmiyyət deyil, keyfiyyət əsas götürülməlidir. Belə olan halda həm pedaqoji ixtisasların məzunları daha məqsədyönlü şəkildə yetişdirilər, həm də sosial narazılıq, xüsusilə haqlı narazılıq, yaranmaz. Birinci növbədə qəbul planlarında optimallaşdırma aparılmasına ehtiyac var”, - deyə S.Abdullayev vurğulayıb.
Müəllimlərin dərs saatları ilə bağlı da optimallaşdırma nəzərdə tutulur:
“Artıq müəllimlərə saat hesabı ilə deyil, vəzifə maaşı formasında əməkhaqqı veriləcək. Müəllimə müəyyən sayda dərs saatı ayrılacaq və həmin saatlardan asılı olmayaraq sabit vəzifə maaşı təyin olunacaq. Bu da müəllimlərin maaşlarının artmasına imkan yaradacaq. Bu istiqamətdə addımların çoxdan atılması lazım idi, sadəcə indi bu məsələlər üzərində ciddi düşünülür.
Müəllimlər orta məktəblərdə bir vəzifə kimi təyin olunduqda onların maaşları da əhəmiyyətli dərəcədə artacaq. Bilirik ki, müəllim cəmiyyətə hərtərəfli – həm sosial, həm iqtisadi, həm də mənəvi baxımdan təsir göstərir. Buna görə də müəllim əməyinin daha yüksək qiymətləndirilməsinə böyük ehtiyac var”, – deyə ekspert yekunlaşdırıb.
Tehsil-press.az










