Naxçıvan Dövlət Universitetində ilin I yarısında görülən işlərin hesabatı təqdim olunub

Naxçıvan Dövlət Universitetində ilin I yarısında görülən işlərin hesabatı təqdim olunub Naxçıvan Dövlət Universitetində (NDU) 2022-ci ilin I yarısı və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrə dair müşavirə keçirilib.
Müşavirədə çıxış edən NDU-nun rektoru Elbrus İsayev bildirib ki, müasirtipli və çoxprofilli dünya təhsil sisteminə inteqrasiya edən universiteti hesabat ilində bakalavr səviyyəsi üzrə 1332, magistr səviyyəsi üzrə isə 184 magistrant bitirib. Tədris aparılan 10 fakültədə bakalavr təhsil səviyyəsinin əyani və qiyabi şöbələrində 70 ixtisas üzrə 6025, o cümlədən 1017 əcnəbi tələbə, magistratura təhsil səviyyəsində 82 ixtisaslaşma üzrə 422 magistrant, 7 əcnəbi magistrant, doktorantura səviyyəsi üzrə 99, 2 əcnəbi doktorant və rezidentura üzrə 67 nəfər rezident təhsil almaqla, ümumilikdə ali təhsil ocağında 7544 tələbə təhsilini davam etdirir. Universitetdə hazırlıq şöbəsi dinləyiciləri ilə birlikdə Türkiyə, İran, Nigeriya, Banqladeş, Rusiya, Özbəkistan, Cənubi Koreya, İraq və Pakistandan olmaqla, 1446 əcnəbi tələbə, Naxçıvan Musiqi Kollecində hazırda subbakalavr təhsil pilləsində 13 ixtisas üzrə əyani şöbədə 490, qiyabi şöbədə isə 21 tələbə təhsil alır.
Rektor vurğulayıb ki, 2022-2023-ci tədris ilində ali təhsil ocağının bakalavr və magistr təhsil səviyyələri üzrə müasir dövrün tələblərinə cavab verəcək Regionşünaslıq (Avropa üzrə), Proseslərin avtomatlaşdırılması mühəndisliyi, sahələr üzrə Dizayn, tədrisi ingilis dilində Beynəlxalq münasibətlər, ikili diplom layihəsi üzrə İqtisadiyyat və magistr təhsil səviyyələrinə 14 yeni ixtisaslar üzrə qəbul layihəsi verilib və təsdiq olunub.
Qeyd olunub ki, Naxçıvan Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixində təsdiq etdiyi “Ali və orta ixitisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq, universitetdə bakalavriat səviyyəsi üzrə 70 ixtisas müvafiq olaraq 34 dövlət təşkilatına, subbakalavriat səviyyəsi üzrə isə 13 ixtisas 4 dövlət təşkilatına hamiliyə verilib. 2022-ci ilin 6 ayı ərzində bu istiqamətdə 18 qurum və təşkilatın hamiliyində olan 22 ixtisas üzrə təhsil alan tələbələr ilə 49 sayda müxtəlif səpkidə tədbirlər keçirilib.
E.İsayev diqqətə çatdırıb ki, 2021-2022-ci tədris ilinin ikinci yarısında mövcud tədris planlarına əsasən, pedaqoji və qeyri-pedaqoji ixtisaslarda təhsil alan tələbələr orta ümumtəhsil məktəblərində və müvafiq qurumlarda pedaqoji və istehsalat təcrübələrini müvəffəqiyyətlə başa vurub. 16 pedaqoji ixtisas üzrə 379 tələbə 18 ümumtəhsil məktəbində, 42 qeyri-pedaqoji ixtisas üzrə 900 tələbə 39 müəssisə və təşkilatda təcrübədə olub. Hal-hazırda Tibb fakültəsinin 135 nəfərdən ibarət müəllim, rezident və tələbə heyəti Türkiyənin Ankara, Qazi, Trabzon Texniki, Kayseri-Erciyes, Ərzurum Atatürk universitetlərində 2 həftəlik təcrübədədir. Həmçinin, qeyd edilib ki, cari tədris ilinin I yarısında ali təhsil ocağının Energetika mühəndisliyi ixtisasında təhsil alan tələbələri İtaliyada təcrübədə olublar.
Cari tədris ilində universitetdə tədrisin əyani təşkili üçün Muzeyşünaslıq, Yer quruluşu və kadastr, Coğrafiya adlı yeni kabinə və laboratoriyalar yaradılıb. Yeni qrafikə müvafiq olaraq universitetin 167 nəfər professor- müəllim heyətini əhatə etməklə 836 sayda nümunəvi dərs keçirilib, seçmə yolu ilə bəzi dərslər universitet televiziyası tərəfindən çəkilib və efirə təqdim olunub. Universitetdə fəaliyyət göstərən elmi dərəcəlilərin sayı 173 nəfər olmaqla, onlardan 139 nəfəri baş müəllim və müəllim, 18 nəfəri elmlər doktoru, 150 nəfəri fəlsəfə doktoru, 12 nəfəri professor, 125 nəfəri dosent, 1 nəfər əməkdaş isə AMEA-nın müxbir üzvüdür.
Bildirilib ki, ali təhsil ocağında doktorantura və dissertantura səviyyəsində fəlsəfə doktoru proqramı üzrə 31, elmlər doktoru proqramı istiqamətində 21 ixtisas üzrə kadr hazırlığı aparılır. Hazırda universitetdə fəlsəfə doktoru proqramı üzrə 67, elmlər doktoru proqramı üzrə isə 32 nəfər doktorant və dissertant vardır ki, onlardan bir nəfəri Koreya, biri isə Türkiyə vətəndaşıdır. Vurğulanıb ki, 2022-ci ilin I yarısında rezidenturada təhsil alan 3 rezident Almaniyaya, 11 nəfər Türkiyəyə rotasiya olunub. 2022-ci ilin birinci yarısında universitet xəstəxanasında Pediatriya üzrə 650, funksional diaqnostika üzrə 546, laboratoriya üzrə 186, Oftalmologiya üzrə 66 müraciət qeydə alınıb, müayinələr həyata keçirilib.
1500-ə yaxın oxucuya xidmət göstərilən Elmi Kitabxanada 30-a yaxın yeni oxucu qeydiyyata alınıb. Xarici ədəbiyyatın fondu tamamilə yenidən qurulub və kataloqlaşdırılıb.
2022-ci ilin ilk altı ayında 2-si Web of Science məlumat bazasına, 1-i Scopus elmi bazasına daxil olan, ümumilikdə 59 məqalə impakt faktorlu jurnallarda nəşr olunub. Qeyd edilib ki, cari ilin birinci yarısında universitet əməkdaşlarının 8 monoqrafiyası, 2 dərsliyi, 13 dərs vəsaiti, 72 metodik vəsaiti və proqramı, 222 elmi məqaləsi və 220 konfrans materialı çap olunub. Elmi məqalələrdən 59-u, konfrans materiallarından isə 130-u xaricdə beynəlxalq konfrans toplularında dərc edilib. Hesabat dövründə “Elmi əsərlər” jurnalına Humanitar elmlər seriyası üzrə 39, İctimai elmlər seriyası üzrə 17, Təbiət və tibb elmləri seriyası üzrə 30 elmi məqalə qəbul olunub.
Rektor vurğulayıb ki, ötən ildə ali təhsil ocağı beynəlxalq əməkdaşlıqda bir sıra nailiyyətlərə imza atıb. Universitetin davamlı inkişaf edən beynəlxalq əlaqələrinə Ankara, Qazi, Atatürk, Van Yüzüncü İl universitetləri, Yaponiyanın Fujita Universiteti və Britaniya Şurası ilə beynəlxalq əməkdaşlıq məsələlərinin əlavə olunması, I Beynəlxalq Tibbi Forum çərçivəsində universitetin Azərbaycan Tibb Universiteti, Qaradəniz Texniki Universiteti, İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, İstanbul Yeditepe Universiteti arasında birgə əməkdaşlığa dair müqavilələrin imzalanması beynəlxalq əlaqələr sahəsində atılan inamlı addımların bariz nümunəsidir. Universitetin Times Higher Education beynəlxalq keyfiyyət və reytinq şirkətinin Yaponiyanın Fujita Health Universiteti ilə əməkdaşlığı çərçivəsində “Gələcəyə baxmaq, akademik istedad yaratmaq” devizi altında Yaponiyanın Naqoya şəhərində keçirilən “Asiya Universitetləri Sammit”inə qatılmasıyla beynəlxalq əməkdaşlıq məsələlərində mühüm bir mərhələnin əsası qoyulub.
Azərbaycan ali təhsil məkanında ilk dəfə NDU-da yaradılmış IELTS qeydiyyat və imtahan mərkəzi öz fəaliyyəti ilə muxtar respublika təhsil və ictimai mühiti üçün öz əhəmiyyəti və gələcək perspektivləri ilə yadda qalıb.
İdman sahəsində ali təhsil ocağının qazandığı uğurları diqqətə çatdıran rektor universitetdə birinci yarımil ərzində 6 idman növü üzrə çempionatın keçirildiyini və bu yarışlarda 600-dən artıq tələbənin iştirak etdiyini diqqətə çatdırıb.
Sonda rektor ali təhsil ocağında əmək və iş intizamının daha da gücləndirilməsi, kadr hazırlığına günün tələbləri səviyyəsində diqqətin artırılması, elektron universitet quruculuğu prosesinin davam etdirilməsi və tədris prosesində ən müasir təlim texnologiyalarının uğurlu tətbiqi istiqamətində konkret tapşırıqlar verib, yaradılan şəraitdən səmərəli istifadənin vacibliyini vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər