Bakı Biznes Universitetində “Bilik günü” qeyd edilib

Bakı Biznes Universitetində “Bilik günü” qeyd edilib Bakı Biznes Universitetinin tələbələri yeni dərs ili ərəfəsində unudulmaz və yaddaqalan bir gün yaşayıblar.
“Bilik günü” çərçivəsində universitetin foyesində təşkil edilən sərgidə bu il tələbə adını qazananlara təhsil ocağının kafedraları, bölmələri, şöbələri və digər strukturları tədris fəaliyyəti, təlim-tərbiyə, beynəlxalq əlaqələr və həyata keçirilən layihələr haqqında məlumat verilib.
“Tələbəliyin ilk günü” devizi altında keçirilən tədbir konfrans zalında davam etdirilib.
Universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov 25 il əvvəl fəaliyyətə başlayan təhsil ocağının keçdiyi yol, strateji hədəfləri, beynəlxalq əlaqələri, kadr hazırlığı, məzunların işlə təmin olunması barədə ətraflı məlumat verib. Qeyd olunub ki, universitetdə iki fakültə və səkkiz kafedra fəaliyyət göstərir, 10 ixtisas üzrə bakalavr, səkkiz ixtisas üzrə magistr, üç ixtisas üzrə doktorant hazırlanır. Bakı Biznes Universiteti Avropanın 15 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Son beş ildə əməkdaşların müxtəlif elmi jurnallarda 900-dan çox məqaləsi dərc olunub. Burada çalışan müəllimlərin 17 faizini elmlər doktorları və professorlar, 70 faizini fəlsəfə doktorları, 13 faizini Avropa təhsilli doktorantlar təşkil edir. Təkcə son dörd ildə 130 magistr Avropanın 17 universitetinə göndərilib. Ötən ilin dekabrında Dövlət İmtahan Mərkəzinin dövlət qulluğuna qəbulla əlaqədar keçirdiyi imtahanın nəticələrinə görə universitetin məzunları ölkəmizin 65 təhsil ocağı arasında səkkizinci yeri tutublar.
Universitetin prorektoru Sabir Əmirxanov, doktorant Cavidan Heydərov və başqaları təhsil, beynəlxalq əməkdaşlıq və digər sahələrdə əldə olunan uğurlardan danışıblar.
Tədbirdə birinci kurs tələbələrinə tələbə biletləri təqdim olunub.

Hüseyn Şərifov

Oxşar xəbərlər