SOCAR: Neft-qaz emalı, neft-kimyanın inkişafı, imkanlar və perspektivlər - TƏHLİL

SOCAR: Neft-qaz emalı, neft-kimyanın inkişafı, imkanlar və perspektivlər - TƏHLİL Dəyişən dünyada kimya və neft-kimya istehsalının, emal sənayesinin inkişafı həm qlobal, həm də ölkə səviyyəsində getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu mənada Azərbaycan da istisna deyil.
Azərbaycan artıq beynəlxalq bazarlarda təkcə xam neft və təbii qazın deyil, həm də karbohidrogen emalı məhsullarının etibarlı təchizatçısı kimi özünü təsdiqləyib. Başa düşdüyünüz kimi, bu halda söhbət neft məhsullarından, neft və qaz-kimya məhsullarından gedir.
Təbii ki, Azərbaycanın neft-qaz sənayesinin inkişafı və ixrac potensialının genişləndirilməsi prosesində, ölkənin maraqlarını xaricdə fəal şəkildə təmsil edən - SOCAR mühüm rol oynayır.
Şirkətin neft-qaz emalı və neft-kimya müəssisələrinin yenidən qurulması, modernizasiyası, həmin müəssisələrin emal, istehsal, əməliyyat, keyfiyyətə nəzarət, əməyin təhlükəsizliyi, təmir-baxım işlərinin koordinasiyası, xammal və aralıq məhsulun ötürülməsi, digər texniki, texnoloji və kommersiya əməliyyatlarının səmərəli həyata keçirilməsi, habelə maliyyə resurslarının daha rentabelli idarə edilməsi məqsədilə 2019-ci ilin sonunda SOCAR-ın təsisçiliyi ilə “SOCAR Downstream Management” şirkəti yaradılıb.
Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) “SOCAR Downstream Management” şirkətinin idarəetməsinə iki il öncə verilərək innovativ və beynəlxalq təcrübələrin tətbiqi, idarəetmə və əməliyyatların optimallaşdırılması istiqamətində mühüm tədbirlərin, o cümlədən biznes prosesləri, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit), aktivlərin idarə edilməsi, istehsalatın düzgün proqnozlaşdırılması və planlaşdırılması istiqamətində “Əməliyyat Mükəmməlliyi” proqramlarının icrasına başlanılıb.
Hazırda, beynəlxalq təcrübəyə uyğun olaraq operativ idarəetmə mexanizmlərinin, vahid texnoloji prosesin yaradılmasının, SOCAR-ın emal zəncirinin dayanıqlı fəaliyyətinin təmin olunmasının, hazır məhsulun rəqabət qabiliyyətinin və SƏTƏM normativlərinə daha da ciddi riayət olunmasının gücləndirilməsi məqsədilə SOCAR-ın neft-qaz emalı və neft-kimya sənayesi üzrə fəaliyyət göstərən digər emal müəssisələrinin də (“Azərikimya” İB, Karbamid zavodu, Metanol Zavodu, “SOCAR Polymer”, Qaz Emalı Zavodu və s.) qanunvericilik və nizamnamələr nəzərə alınmaqla “SOCAR Downstream Management” şirkətinin idarəetməsinə verilməsi prosesinə start verilib.
Bu proses şaquli inteqrasiya prinsipi əsasında həyata keçirilir. Belə ki, şaquli inteqrasiya çərçivəsində SOCAR-ın neft emalı və neft kimya müəssisələrinin dəyər zənciri üzrə bir-biri ilə inteqrasiyalı fəaliyyəti nəticəsində güclü sinerji yaradılaraq xərclərin optimallaşdırılması və gəlirlərin artırılması hədəflənir.
Belə ki, hazırda Heydər Əliyev adına NEZ, “Azərikimya” İB və “SOCAR Polymer” müəssisələri vahid dəyər zənciri üzrə bir-birini xammal ilə təmin edir. Bu müəssisələr arasında şaquli inteqrasiya əsasında güclü sinerji yaradılaraq istehsalat prosesində səmərəliliyin artırılması, fasiləsiz istehsalatın təmin edilməsi, nəticədə SOCAR-ın xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması hədəflənir.
Əlbəttə, sual yaranır ki, emal və neft kimya müəssisələrinin vahid mərkəzdən idarə edilməsi nə kimi imkanlar açacaq?
Bu proses, idarəetmədə səmərəliliyi artırmaqla yanaşı, layihələrin daha sürətli icrasına, əməyin təhlükəsizliyinin gücləndirilməsinə, rəqəmsal və innovativ texnologiyaların tətbiqinə, insan kapitalının yüksəlməsinə və əməkdaşların karyera inkişafının təmin edilməsinə zəmin yaradacaq.
Onu da vurğulamaq lazımdır ki, İnteqrasiya prosesləri SOCAR-ın təkcə Azərbaycanın daxilində yerləşən müəssisələrində aparılmır. Belə ki, 2019-cu ilin noyabr ayında da SOCAR-ın Türkiyədəki törəmə müəssisələri olan “Petkim”, “STAR” NEZ, “SOCAR Petrol Ticarət” və “SOCAR Depolama” arasında şaquli inteqrasiyanın təmin edilməsi və güclü sinerjinin yaradılması məqsədilə “Neft-emalı və Neft-kimya Biznes Bölməsi” yaradılıb. Pandemiya dövrünün çətinliklərinə və qlobal miqyasda təchizat zəncirində baş verən fasilələrə baxmayaraq, “Petkim” və “STAR” NEZ-in inteqrasiyalı fəaliyyəti nəticəsində yaradılan güclü sinerji ilə hər iki müəssisə fasiləsiz istehsal prosesinə nail olub, rəqabət qabiliyyətini artırıb.
Hazırda “Petkim” və “STAR” NEZ-in inteqrasiyalı fəaliyyəti nəticəsində “Petkim” əsas xammal ehtiyacı olan yüngül nafta məhsulunu “STAR” NEZ-dən daha yüksək keyfiyyətdə tam təchiz edir. “STAR” NEZ-dən əvvəl isə “Petkim” yüngül nafta xammalının tamamını xarici ölkələrdən idxal edirdi. Beləliklə, “Petkim” yüngül nafta idxalı üçün sərf etdiyi nəqliyyat və idxal xərclərini tamamən aradan qaldıraraq rəqabət qabiliyyətini artırmağa, daha keyfiyyətli və stabil yüngül nafta istifadəsi sayəsində gəlirlərini artırmağa nail olub.
Eyni zamanda, qeyd olunan bu iki müəssisənin inteqrasiyalı fəaliyyəti nəticəsində istehsal prosesi daha səmərəli idarə olunmağa başlanıb.
Qeyd edək ki, xammalın idxalı nəticəsində nəqliyyat və digər səbəblərdən yaranan gecikmələr istehsal proseslərinə birbaşa mənfi təsir göstərir ki, bu da məhsulun maya dəyərinin artmasına və hədəf bazarlarda rəqabət qabiliyyətinin azalmasına gətirib çıxarır. Bu hadisə ən çox pandemiya dövründə təchizat zəncirlərində yaranan fasilələrdə özünü bariz şəkildə göstərmiş oldu.
İnteqrasiyalı fəaliyyəti nəticəsində müxtəlif kateqoriyalarda, xüsusilə istehsalat, satınalma, ticarət, texniki xidmət, maliyyə, İT və korporativ xidmətlər sahəsində yaradılan əlavə maliyyə dəyəri 2019-2021-ci illər üzrə təqribən 100 milyon ABŞ dolları təşkil edib.
Əlavə edək ki, SOCAR-ın ölkə daxilində fəaliyyət göstərən neft-qaz emalı və neft-kimya müəssisələrinin inteqrasiyalı fəaliyyəti nəticəsində də əhəmiyyətli dərəcədə əlavə maliyyə dəyərinin yaradılması hədəf kimi götürülüb.
Sonda vurğulamaq lazımdır ki, hazırda həm dünyada, həm də Azərbaycanda təmiz enerjinin inkişafı, alternativ enerji mənbələrinin inkişafı və atmosferə atılan tullantıların azaldılması istiqamətində böyük səylər göstərilir. Neft-qaz emalı və neft-kimya sektorları uzun müddət öz aktuallığını qoruyacaq. Bu baxımdan, qeyd olunan sahələrin inkişafı böyük iqtisadi imkanlar və perspektivlər açır.
İndiyədək SOCAR-ın neft-qaz emalı və neft-kimya müəssisələrinin yenidən qurulması, modernizasiyası, onların işinin təkmilləşdirilməsi sahəsində çox işlər görülüb və görülməkdədir. Bütün bu işlər və fəaliyyətlər bu müəssisələrin daha effektiv və səmərəli işləməsinə, yüksək keyfiyyətli məhsulun istehsalına, ölkəmiz üçün daha çox gəlirlərin əldə olunmasına, bu vəsaitlərin digər sahələrin inkişafına yönəldilməsinə və Azərbaycan xalqının rifahının daha da yüksəlməsinə zəmin yaradacaq.

Tehsil-press.az

Oxşar xəbərlər