Pedaqoji Universitetdə tədbir: Zəfər salnaməsi

Pedaqoji Universitetdə tədbir: Zəfər salnaməsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatı (ADPU TGT) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfər salnaməsi” adlı tədbir keçirib.
Tədbirdə Səbail Rayonu Gənclər və İdman İdarəsinin (Gİİ) rəisi Elnarə Əliyeva və Nəsimi Rayonu Gənclər və İdman İdarəsinin (Gİİ) rəisi Şahmar Möhsümov, prorektorlar, fakültə dekanları və tələbələr iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən rektor professor Cəfər Cəfərov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalq-ordu-dövlət birliyi ilə rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində torpaqlarımızı işğaldan azad edərək, Vətənimizin ərazi bütövlüyünü təmin etdi və bölgədə yeni reallıqlar yaratdı.
Rektor diqqətə çatdırıb ki, artıq doğma torpaqlarımıza Böyük Qayıdış prosesi tam sürətlə davam edir, bölgədə sürətli bərpa-quruculuq işləri, nəhəng infrastruktur layihələri həyata keçirilir.
Qazanılan tarixi qələbənin şəhid qanları bahasına əldə edildiyini vurğulayan professor C.Cəfərov Vətən müharibəsi şəhidləri və qaziləri sırasında ADPU-nun da tələbə və məzunlarının olduğunu deyib: “13 tələbə və məzunumuz, habelə bu ilin sentyabr təxribatları zamanı da 1 məzunumuz şəhadətə yüksəlib. Tələbələrimiz arasında hazırda 5 nəfər qazimiz, məzunlarımızdan 200-dək müharibə iştirakçısı var”.
Zəfərlə bağlı videoçarxın izlənilməsindən sonra ADPU TGT-nin “Buta” instrumental musiqi ansamblının təqdimatında “Azərbaycan”, “İncə belli” mahnıları, “Laçın” şeiri ifa edilib, “Uzundərə” və “Naxçıvani” kimi xalq rəqsləri nümayiş olunub.
Tələbələr tərəfindən Zəfər Günü ilə bağlı müxtəlif səhnəciklər göstərilib.
ADPU-nun dosenti, tarixçi Pərviz Səfərov Birinci və İkinci Qarabağ müharibəsi haqqında fikirlərini bölüşüb.
Sonda “Buta” instrumental musiqi ansamblının ifasında “Xudayar” təsnifi təqdim olunub.
Tədbir incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı ilə davam edib.

Tehsil-press.az



Oxşar xəbərlər