BDU və İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

BDU və İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb Bakı Dövlət Universiteti (BDU) və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi (CECECO) əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb.
Memorandumu BDU rektoru Elçin Babayev və CECECO-nun İcraçı direktoru Aysel Yaqubova imzalayıblar.

Mərasimdə çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, Azərbaycanda “yaşıl enerji”, “yaşıl iqtisadiyyat” məsələlərinə dövlət səviyyəsində xüsusi önəm verilir. BDU da ölkənin əsas ali təhsil ocağı kimi son illərdə bu məsələdə öz töhfəsini verməkdədir. BDU-da ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri ilə mübarizə istiqamətində elmi-tədqiqiat işləri genişlənir, müxtəlif layihələr həyata keçirilir. Günəş və külək enerjisindən istifadə etməklə təmiz ekoenerjidən istifadəyə imkan yaradan EkoEnerji Məntəqəsi açılıb. “COP29” çərçivəsində BDU-da “Eko Məkan” yaradılıb, burada ən son texnologiyalar ilə təchiz edilmiş Akvaponik sistem quraşdırılıb. “Eko Məkan”ın və BDU-da yeni yaradılan Tələbə məkanının elektrik təchizatı Günəş panelindən alınan enerji ilə həyata keçirilir. BDU-da BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyət və layihələr həyata keçirilir. Rektor İƏT-in Təmiz Enerji Mərkəzi ilə imzalanan memorandumun faydalı olacağına əminliyini bildirib. Qeyd edib ki, BDU-nun elmi-tədqiqat laboratoriyaları, Fizika, Kimya, Biologiya, Ekologiya və torpaqşünaslıq fakültələrinin potensialından istifadə etməklə İƏT-in Təmiz Enerji Mərkəzi ilə birgə bu istiqamətdə kadr hazırlığını gücləndirmək, ortaq elmi-tədqiqat layihələri, konfranslar, təlim proqramları həyata keçirmək, birgə nəşrlər hazırlamaq mümkündür.

İƏT-in Təmiz Enerji Mərkəzinin İcraçı direktoru Aysel Yaqubova CECECO-nun milli və regional səviyyədə dayanıqlı enerji, enerji keçidi və enerji səmərəliliyi layihələrinin təşviqi və əlaqələndirilməsi üçün mühüm platforma rolunu oynadığını diqqətə çatdırıb. O, Təmiz Enerji Mərkəzinin həyata keçirdiyi layihələr barədə məlumat verib, BDU ilə bərpaolunan, yaşıl enerji, enerji səmərəliliyi, nüvə enerjisi sahələrində əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər