Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun Tarix fakültəsinin dekanı İbrahim Zeynalov Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri, erməni millətçilərinin xalqımıza qarşı iki yüz il ərzində apardığı etnik düşmənçiliyin növbəti mərhələsi olduğunu deyib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeridib, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə misli görülməmiş qəddarlıqla divan tutub. Həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olub, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülərək işgəncələrə məruz qalıb. Xocalı soyqırımına siyasi qiymətin verilməsi isə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis hər il fevralın 26-sının Xocalı Soyqırımı Günü kimi yad olunması barədə qərar, 1995-ci ildə dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edib. Artıq Xocalı soyqırımının qisası alınıb, torpaqlarımız işğaldan azad olunub. Xocalı öz doğma sakinlərini yenidən qoynuna alıb.
BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti Boran Əziz hadisələrin birbaşa şahidi kimi bu faciə ilə heç vaxt barışmayacağını, soyqırımın bütün dünyaya çatdırılması istiqamətində bütün vətəndaşların həmrəylik nümayiş etdirməyinin vacibliyini qeyd edib.
Tarix fakültəsinin IV kurs tələbəsi, Xocalıdan olan Aysel Quliyeva faciənin dəhşətləri ilə bağlı təəssüratlarını bölüşüb.
Tədbir tələbələrin hazırladığı bədii hissə ilə davam edib.
Tehsil-press.az







