Azərbaycan Milli Elmlər Akademiyasında türkiyəli alimlə görüş olub

Azərbaycan Milli Elmlər Akademiyasında türkiyəli alimlə görüş olub AMEA Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli əvvəlcə professor Şükrü Haluk Akalını AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun fəxri doktoru seçilməsi münasibətilə təbrik edib, görkəmli alimə yeni yaradıcılıq uğurları arzulayıb.
Ortaq soy-kökə, dilə, dinə, mədəniyyətə sahib olan Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq əlaqələrinin tarixindən bəhs edərək ölkəmizin 1991-ci ildə yenidən müstəqilliyini bərpa etməsindən sonra Türkiyə ilə əlaqələrin genişləndiyini deyən AMEA rəhbəri ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladıb və Ümummilli Liderin qardaş dövlətlə qurduğu sıx iqtisadi, siyasi, hərbi, ədəbi, elmi, mədəni münasibətlərdən danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı etimada əsaslanan dostluq, qardaşlıq münasibətləri nəticəsində ölkələrimiz arasında münasibətlər bu gün özünün yüksəliş dövrünü yaşayır. Rəcəb Tayyib Ərdoğanın və Türkiyə xalqının Azərbaycanın Vətən müharibəsində döyüşlərin başladığı ilk saatlardan öz qətiyyətli mövqeyini ortaya qoyması, ölkəmizə verdiyi siyasi dəstəyin Azərbaycanın mütləq Zəfərində mühüm rol oynadığını xüsusi vurğulayan AMEA rəhbəri, həmçinin qardaş ölkənin bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağda aparılan geniş quruculuq işlərində yaxından iştirak etdiyini söyləyib.
Akademik İsa Həbibbəyli ölkələrimiz arasındakı elmi əlaqələrdən danışaraq bildirib ki, AMEA Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) ilə sıx əməkdaşlıq edir, müştərək layihələr həyata keçirilir, eləcə də akademiyanın elmi müəssisə və təşkilatları Türkiyənin müvafiq elmi qurumları ilə birgə tədqiqatlar aparır.
Professor Şükrü Haluk Akalın akademik İsa Həbibbəylini AMEA-nın prezidenti seçilməsi münasibətilə təbrik edib. İki qardaş ölkə arasında bütün sahələrdə qarşılıqlı münasibətlərin inkişafından məmnunluğunu dilə gətirən türkiyəli professor elmi əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Tehsil-press.az


Oxşar xəbərlər