NATO Baş katibi Rusiyanı müharibəni dayandırmağa çağırıb

NATO Baş katibi Rusiyanı müharibəni dayandırmağa çağırıb “90 il əvvəl Sovet İttifaqının siyasətinin nəticəsi olan dəhşətli Qolodomor milyonlarla ukraynalının ölümünə səbəb olub və bu gün də Rusiya aclıqdan Ukraynaya qarşı müharibə silahı kimi istifadə edir, eyni zamanda, dünyanın digər ölkələri arasında parçalanma və qeyri-sabitlik yaratmağa çalışır”.
“Mən Ukraynanın və beynəlxalq ictimaiyyətin Qara dəniz vasitəsilə taxıl tədarükünün davam etdirilməsi səylərini qətiyyətlə dəstəkləyirəm. Bu, həyati əhəmiyyət kəsb edir. Xüsusilə, NATO müttəfiqimiz Türkiyənin Qara Dəniz Taxıl Təşəbbüsünün genişləndirilməsi üçün BMT ilə birlikdə fəaliyyətini alqışlayıram.
Bu yaxınlarda İstanbulda Prezident Ərdoğanla görüşərkən mən Boğazda taxıl gəmilərini gördüm. Onlar Ukrayna limanlarından ərzaq, taxıl və gübrə daşıyırlar.
Mən həmçinin, NATO müttəfiqlərinin və Aİ-nin Ukraynadan quru vasitəsilə yüklərin daşınması istiqamətində səylərini alqışlayıram.
Bu böhranın səbəblərini hamımız xatırlamalı və izah etməliyik. Bu ərzaq böhranı Rusiyaya qarşı beynəlxalq sanksiyalardan qaynaqlanmır.
Buna Rusiyanın Ukraynaya qarşı apardığı müharibə səbəb olub”, - Yens Stoltenberq vurğulayıb.
O deyib ki, Rusiya suveren demokratik qonşusunun ərazisinə hərbi müdaxilə edib: “Rusiya BMT Nizamnaməsinə və beynəlxalq hüquqa tamamilə məhəl qoymayaraq, Ukrayna ərazisinin bəzi hissələrini ilhaq etməyə cəhd edib.
Rusiya dinc sakinlərə və mühüm infrastruktur obyektlərinə qəsdən kütləvi hücumlar həyata keçirir. Yaşayış binaları, xəstəxanalar və elektrik şəbəkələri hədəf alınır.
Rusiya qüvvələri aylarla Ukrayna limanlarını bağladı, taxıl və kənd təsərrüfatı texnikasını oğurladı. İndi də kənd təsərrüfatını, ixrac obyektlərini dağıtmaqda davam edirlər.
Bu müharibə öz vətənini, azadlığını qorumaq üçün rus işğalçısına qarşı vuruşan on milyonlarla ukraynalı üçün dəhşətlidir.
Bu müharibə Avropada və ondan kənarda, dünyanın ən həssas qrupları da daxil olmaqla hər kəsə təsir edir.
Rusiya Ukraynanın azadlığını və suverenliyini təhdid etmək üçün təkcə bomba və güllələrdən istifadə etmir, Rusiya hamımızı parçalamaq və sabitliyi pozmaq üçün qaz və taxıldan silah kimi istifadə edir”.
NATO Baş katibi qeyd edib ki, Alyansın müttəfiqləri Ukraynanın suveren və müstəqil bir ölkə kimi varlığını qoruyub saxlaması üçün bu ölkəyə indiyə qədər görünməmiş maliyyə, humanitar və hərbi dəstək verir:
“Biz nə qədər vaxt lazımdırsa, Ukraynanın yanında olacağıq.
Biz Rusiyanı müharibəni dayandırmağa və qoşunlarını Ukraynadan çıxarmağa çağırırıq.
Bu, Ukraynada sülhə nail olmaq və dünyada ərzaq böhranına son qoymağın ən yaxşı yoludur”.

Tehsil-press.az

Oxşar xəbərlər