Milyonçunun eşşək əti yeməsi

Milyonçunun eşşək əti yeməsi Muğandan olan həmkarım Fazil Əhməd iki gündür bir yerdə dinclik tapa bilmir. Fazil müəllim dünəndən bəri bu sözləri azı yüz dəfə təkrarlayıb: "A kişi, Sabirabadda dağ var ki, dağ keçisi də olsun?! Yerlilərim adı uzunqulaqla yanaşı çəkilən Tahir adlı o dələduzun toruna necə düşüb, hələ də anlaya bilmirəm".
Belə hadisələr rezonans doğurduğu üçün yəqin hamınız söhbətdən xəbərdarsınız. Bilənlərlə işim yoxdur, bilməyənlər üçün yazıram: Tahir Məstəliyev adlı dələduz iş adamı Sabirabadda eşşək ətini dağ keçisi adıyla müştərilərə satırmış. Deyilənə görə, yüzlərlə insan Tahirin sayəsində "dağ keçisi"nin ətini dadıb.
Dünən mahir ovçu olan tanışım zəng etmişdi. Dedi ki, insanların avamlığı onu heyrətə gətirib: "Dağ keçisi çox həssas olur. Təhlükəni digər heyvanlardan tez duyur və bir saniyə ərzində gözdən itir. Dağ keçisi ovlamaq hər ovçunun işi deyil".
Dünən bilmişəm ki, Tahirin yaramaz əməlinin qurbanı olan təkcə sabirabadlılar deyil.
Milyonçu qohumunun olması ilə həmişə fəxr edən əsgər yoldaşım zəng etmişdi. Ağzını açanda ovqatının təlx olduğunu bildim: "Müəllimin nə qədər pulunun olduğunu bilirsən?"
Belə söhbətlərdən zəhləm getsə də, xətrinə dəyməmək üçün könülsüz cavab verdim: 'Ucundan-qulağından eşitmişəm".
Deyəsən, laqeydliyim xoşuna gəlmədi. Bir qədər incik tərzdə, amma həvəslə söhbətə davam elədi: "Müəllimdə pul mal peyini kimidir. Hər həftə bir ev alır".
Yenə laqeyd cavab verdim: "Allah olmayanlara da qismət eləsin!"
"Amin" deməyə lüzum görməyib sözünün davamını gətirdi: "Müəllimin başına iş gəlib".
Bu dəfə laqeyd qala bilmədim: "Nə iş?"
İndi daha həvəslə danışırdı: "Müəllimin Sabirabaddan Tahir adlı dostu var. Tahir neçə vaxtdır müəllimə dağ keçisi gətirirdi. Dünən Tahiri tutublar..."
Sözünü tamamlamağa imkan vermədim: "Yəqin başqaları kimi müəllimə də eşşək əti satıb".
Cavabı belə oldu: "Eşşək ətini müəllimdən yüz dəfə kasıb, amma bizdən yüz dəfə varlı olan adamlara satıb. Müəllimə kilosu 30 manata dörd-beş aylıq qoduqların ətini satıb".
Müəllim dediyi adamın yekəxanalığı haqda çox eşitdiyim üçün onun avam yerinə qoyulması məni zərrə qədər də narahat etmədi. Belə dedim: "Əşşi, həmişə kasıb yararsız ət yeyəsi deyil ki... Qoy bir dəfə də varlı yesin. Dünya dağılmaz".
Səsindən incidiyi aşkar duyulurdi: "Bir-iki dəfə bağında məni də "keçi əti"nə qonaq edib. Yəni o qoduqların ətindən mən də yemişəm..."
Qeyri-ixtiyari dilləndim: "Nuş olsun!"
Telefonu üzümə qapatdı. Amma bu, məni zərrə qədər də narahat etmədi. Onsuz da deməyə sözüm qalmamışdı.
P.S. Azərbaycanda varlılarla kasıbların oxşar qida rasionuna malik olduğunu ilk dəfədir eşidirdim. Kasıb eşşəyin özünün, varlı isə balasının ətini yeyir...

Seymur VERDİZADƏ


Oxşar xəbərlər