"Bondatdel" qumar oyunu təşkil edən icarədarı tutdu, bəraət aldı, prokurorluq protest verdi

Bakıda qumar oyunlarının təşkili və ya keçirilməsində təqsirləndirilən Rəşad İsgəndərovun barəsindəki hökmdən dövlət ittihamçısı narazı qalıb.
Prokurorluq Binəqədi Rayon Məhkəməsinin çıxardığı bəraət hökmündən apellyasiya protesti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Protest hakim Fərid Əyyubovun icraatına verilib.
Artıq ilkin hazırlıq iclası da keçirilib və Rəşad İsgəndərovun anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası fevralın 14-nə təyin edilib.
İttihama görə, Rəşad İsgəndərov gəlir əldə etmək üçün icarə əsasında işlətdiyi paytaxtın Binəqədi rayonu, Atatürk prospekti 65 A ünavnında fəaliyyət göstərən “Qəbələ Təndir” adlı restoranda fərdi otaqların birində qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib.
Belə ki, o, 14 iyun 2022-ci il tarixdə həmin restoranın 3 nömrəli fərdi otağında özü ilə birlikdə tanışı olan 3 nəfər müştəriyə zəruri şərait yaradıb pul uduşlu “Poker” qumar oyunlarının keçirilməsi üçün yer təşkil edərək saxlayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına məlumat daxil olub. İdarə əməkdaşları 15 iyun 2022-ci il tarixdə, saat 01:20 radələrində “Qəbələ Təndir” restoranında həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində 3 nömrəli fərdi otaqda onların qumar oyunu oynamaları müəyyən edilib. Həmin masanın üzərindən qumar oyunlarından əldə edilmiş 2 362 manat məbləğində pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 1 dəst oyun kartı aşkar edilərək götürülüb.
Daha sonra Rəşad İsgəndərovun barəsində Cinayət Məcəlləsinin 244-1.1-ci (Qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Rəşad İsgəndərov bəraət verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.

Tehsil-press.az


Oxşar xəbərlər