Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin və AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilinin saflığının qorunması: qloballaşma dövründə milli kimlik və dil” mövzusunda elmi sessiya keçirilib.BDU-nun Filologiya fakültəsinin dekanı Elçin Məmmədov qloballaşma dövründə dillərin üzləşdiyi problemlərdən bəhs edib. O bildirib ki, xalqlar arasında artan qarşılıqlı əlaqə dillərə də təsirsiz ötüşmür. Qərb ölkələrinin təcrübəsinə toxunan dekan Almaniya və Fransa kimi ölkələrin öz dillərinin qorunması və yayılması istiqamətində məqsədyönlü proqramlar həyata keçirdiyini, bununla da qlobal miqyasda yayılan ingilis dilinə qarşı dil siyasəti formalaşdırdıqlarını qeyd edib.
Dekan Azərbaycan dilinin qorunması və saflığı ilə bağlı Prezident İlham Əliyevin çıxışlarının həm elmi, həm də ictimai müstəvidə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, dilə münasibət ilk növbədə məktəbdən formalaşmalı, daha sonra mətbuat müstəvisində davam etdirilməlidir. Keçirilən elmi sessiya Azərbaycan dilinin saflığının qorunması və inkişafı ilə bağlı təkliflərin irəli sürülməsi baxımından önəmlidir.
AMEA Folklor İnstitutunun direktoru Hikmət Quliyev isə çıxışında qlobal dövrdə və açıq informasiya mühitində dil üçün təhlükələrin artdığını diqqətə çatdırıb. O bildirib ki, Prezident İlham Əliyev çıxışlarında Azərbaycan ədəbi dilinin və kommunikasiya dilinin qorunmasının vacibliyini daim vurğulayır: “Dil təbii və canlı sistem olaraq təhlükələrə qarşı müqavimət göstərsə də, onun daim qayğıya ehtiyacı var. Dövlət qayğısı olmadan dilin saflığı təhlükə altına düşə, hətta sıradan çıxa bilər. İnternet mühitində yaranan yeni sözlər dilə təsir edir. Dilin qorunması yalnız məktəb və mətbuatla məhdudlaşmamalı, ailə mühitində, şifahi ünsiyyətdə də təmin edilməlidir. Xüsusilə süni intellektin sürətlə inkişaf etdiyi dövrdə Azərbaycan dilinin və ədəbi nümunələrin qorunması vacibdir. Azərbaycan dilinin saflığının qorunması məsələsi daim aktual olaraq qalacaq, bu istiqamətdə elmi müzakirələrin aparılması mühüm əhəmiyyət kəsb edir”.
Sessiyanın davamında filologiya elmləri doktorları - professor Tofiq Hacıyev, dosent Ağaverdi Xəlil, filologiya üzrə fəlsəfə doktorları - dosent Fikrət Şiriyev, Əpoş Vəliyev və Folklor İnstitutunun böyük elmi işçisi Zəfər Fərhadov məruzə ediblər.
Tehsil-press.az









