Azərbaycan “Rusiya elektron dünyada” olimpiadasının ikinci mərhələsində iştirak edir

Azərbaycan “Rusiya elektron dünyada” olimpiadasının ikinci mərhələsində iştirak edir Rusiya Federasiyasının B.N.Yeltsin adına Prezident Kitabxanasında əcnəbi məktəbli və tələbələr üçün “Rus dili xarici dil kimi” fənni üzrə “Rusiya elektron dünyada” illik interaktiv olimpiadasının ikinci mərhələsi keçirilir.
Olimpiadanın finalı martın 29-dan 31-dək keçirilir.
Birinci mərhələnin yekunlarına görə, sonuncu tura dünyanın 27 ölkəsindən 94 iştirakçı çıxıb. Olimpiadada Azərbaycanla yanaşı Özbəkistan, Qazaxıstan, İran, Suriya, Monqolustan, Slovakiya, İtaliya, Çin, Tacikistan, İspaniya, Misir, Braziliya, Serbiya, Bolqarıstan və digər ölkələr də iştirak edir.
“Rus dili xarici dil kimi” fənni üzrə “Rusiya elektron dünyada” illik interaktiv olimpiadası 2022-ci il oktyabrın 3-dən 2023-cü il martın 31-dək tarixlərində keçirilir. Bu olimpiadanın iştirakçıları əcnəbi vətəndaşlar - 14 yaşdan yuxarı məktəblilər və tələbələrdir. Yarışma iki mərhələdən ibarətdir. Seçmə turu 2022-ci il oktyabrın 3-dən 2023-cü il yanvarın 20-dək biliklərin məsafədən testləşdirilməsi sistemi tətbiq olunmaqla qiyabi formada aparılıb. Yekun mərhələ bu il 29-31 mart tarixlərində Sankt-Peterburqda yerləşən B.N.Yeltsin adına Prezident Kitabxanasının bazasında, kitabxananın Tümen vilayətindəki filialında, eləcə də qurumun Rusiya və xarici ölkələrdə yerləşən elektron qiraət zallarında əyani formada keçirilir.
Müsabiqə sınaqları rus dilinə yiyələnmənin üç səviyyəsini qiymətləndirmək imkanı verir: ibtidai (A1), əsas (A2), birinci sertifikasiya dərəcəsi (B1). Biliklərin testləşdirilməsi sisteminə “Leksika”, “Qrammatika”, “Dinləmə” bölmələri üzrə tapşırıqlar daxildir. Son mərhələdə “Yazı. Danışıq” testindən keçmə nəzərdə tutulur.
“Rus dili xarici dil kimi” fənni üzrə olimpiada Rusiya Prezident Kitabxanası tərəfindən 2019-cu ildən aparılır. Təhsil layihəsinin mövcud olduğu bütün dövr ərzində 2 minə yaxın məktəbli və tələbə onun iştirakçısına çevriliblər.
Olimpiada barədə daha ətraflı məlumatı interaktiv tədris layihəsinin rəsmi saytında bu link vasitəsilə almaq olar: http://olympiada.prlib.ru/rusforeign/#/Welcome.

Tehsil-press.az


Oxşar xəbərlər