Azərbaycanda ilk dəfə sabiq nazirin rəqəmsal əkizi ilə virtual müsahibə keçirilib.Sabiq rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovun rəqəmsal əkizindən müsahibə alıb.
Müsahib bildirib ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycan alimləri də süni intellekt sistemlərinin tətbiqini genişləndirməklə yanaşı, yeni modellər, alqoritmlər və düşünmə prinsipləri üzərində tədqiqat işləri aparırlar. Onun sözlərinə görə, əgər yeni düşünmə modelinə keçid baş tutmasa, süni intellekt sistemləri cəmiyyəti enerji qıtlığına gətirib çıxara bilər:
"Düzdür, yaxın gələcək üçün Azərbaycanda enerji problemi gözlənilmir, lakin qlobal mühitdə bu həyəcan artıq bir çöx dövlətləri ciddi narahat edir. Azərbaycanda alimlərimiz qeyri-səlis neyron şəbəkələri, təyinatyönümlü Azərbaycan dili modelləri, qərar qəbuletmə və tanıma alqoritmləri kimi istiqamətlərdə elmi-tədqiqat işlərini davam etdirirlər. Bizim əsas məqsədimiz apardığımız tədqiqatların nəticələrini ölkəmizdə sənaye, aqrar, idarəetmə və müdafiə sistemlərində tətbiqini həyata keçirməkdir. Misal olaraq, İdarəetmə Sistemləri İnstitutunda (indiki Riyaziyyat İnstitutu) süni intellektin tətbiqi ilə intellektual SCADA tipli sənaye idarəetmə sistemlərinin qurulması və tətbiqini (neft hasilatı, su resurslarının idarə edilməsi) və pilotsuz uçuş aparatlarının qorunan naviqasiya sistemini, milli dil modeli əsasında qurulan çatbotları misal gətirmək olar.
Xüsusilə, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin elmi əsaslandırılması, aqrar sahədə multispektral sensor texnologiyalarının tətbiqi və milli dil modelinə əsaslanan virtual köməkçilərin yaradılması prioritet istiqamətlər sırasındadır.
Eyni zamanda, institutda süni intellektin bədii yaradıcılıqda tətbiqi ilə bağlı maraqlı eksperiment həyata keçirilib. "ChatGPT" vasitəsilə Xalq yazıçısı Anarın altıcildlik rəqəmsal əsərlər toplusuna əsaslanan və üslubuna uyğun olan "Sonuncu sərnişin" adlı hekayə yaradılıb, daha sonra yazıçının səsi klonlaşdırılaraq mətn səsləndirilib", - deyə Ə.Abbasovun rəqəmsal əkizi bildirib.
Tehsil-press.az
















