Azərbaycanlı filosof Bursada elmi konfransda məruzə edib

Azərbaycanlı filosof Bursada elmi konfransda məruzə edib Bursa Uludağ Universitetində AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin təşkilatçılığı və Bursa-Azərbaycan İnnovasiya və Həmrəylik İctimai Birliyinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan–Türkiyə. “Bir millət, iki dövlət”in yenilməzlik fəlsəfəsi” adlı elmi konfrans keçirilib.
Konfransda Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Bir millət, iki dövlət”in yenilməzlik fəlsəfəsi” mövzusunda geniş məruzəsi dinlənilib. Bursa Uludağ Universitetinin professoru Abdulkadir Çüçen “Cumhuriyetimizin arkasındaki aydınlanma felsefesi”, professor Saime Yüceer “Türkiyə-Azərbaycan qardaşlığının nümunəsi: Bakının işğaldan qurtuluşu”, professor Həvva Məmmədova “Azərbaycanı dünyaya tanıdan Dahi Lider Heydər Əliyev” mövzularında məruzə ilə çıxış ediblər. Dosent Hacer Qarabağın “Mustafa Kamal Atatürk və Türk dünyası”, fəlsəfə elmləri doktoru, professor Əyyub Kərimovun “Azərbaycançılıq ideologiyası”, dosent Faiq Ələkbərlinin “Türkiyə Cümhuriyyətinin qurulmasında Azərbaycan türklərinin rolu”, Naxçıvan Dövlət Universitetinin professoru Sevinc Abbasovanın “Heydər Əliyevin qadın hüquqlarının qorunması siyasəti və qadınların cəmiyyətdə rolunun inkişaf etdirilməsi strategiyası” mövzularında çıxışları maraqla qarşılanıb.
Elmi konfransda Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Həsən Həsənov, Azərbaycanın İstanbulda baş konsulu Nərminə Mustafayeva, Bursa Uludağ Universitetinin prorektoru Adem Doğangün, Bursa Böyükşəhər bələdiyyə sədrinin müavini Əli Mersin, professor Cafer Çiftçi, qeyri-hökumət təşkilatlarının nümayəndələri, alim və inzibati heyət, habelə Bursa şəhərində müalicəsini davam etdirən Qarabağ qaziləri və tələbələr iştirak ediblər.

Tehsil-press.az




Oxşar xəbərlər