BDU-nun bir qrup əməkdaşı “Azərbaycan Udi Ocağı”nda

BDU-nun bir qrup əməkdaşı “Azərbaycan Udi Ocağı”nda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin professor-müəllim heyəti “Azərbaycan Udi Ocağı”nda olub.
Geologiya fakültəsinin dekanı Mamoy Mansurov Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan, zəngin fəaliyyətindən, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında Ümummilli Liderin müstəsna xidmətlərindən danışıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası ölkə ərazisində tarixən yaşamış xalqların tarixi, mənəvi, əxlaqi, mədəni ənənələrinə, birlik ideyasına əsaslanır.
Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri Kərim Rəhimov Nic qəsəbəsində yaşayan udilərin qədim Qafqaz Albaniyasının tarixi-memarlıq abidələrinin qanuni varisləri olduğunu bildirib. O, tarixi torpaqlarımızın işğal altında olduğu 30 il müddətində ermənilərin ərazidəki Alban abidələrini tamamilə saxtalaşdırdığına diqqət çəkib. K.Rəhimov həmin ərazilərdə ermənilərin Alban simvollarını, daş kitabələrini, məxsusluq ornamentlərini ləğv etdiyini, onların yerinə saxta erməni yazıları və petroqliflər yerləşdirdiyini diqqətə çatdırıb: “Bu abidələrin hər biri bərpa ediləcək və əsl sahiblərinin ixtiyarına veriləcək. Hazırda udilər dini ayinlərini Kəlbəcərdə Xudavəng, Laçında Ağoğlan monastırlarında, Talış kəndindəki Alban kilsəsində keçirirlər”.
Alban-Udi icmasının sədri Robert Mobili Ümummilli Lider Heydər Əliyevin azsaylı xalqların və dini icmaların, o cümlədən Alban-Udi xristian icmasının hüquqlarının və mədəni-mənəvi dəyərlərinin qorunmasına daim xüsusi diqqət göstərdiyini xatırladıb. Bildirilib ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanda bütün dinlərin və mədəniyyətlərin, eləcə də etnik qrupların nümayəndələri bir ailə kimi sülh şəraitində yaşayırlar.
Sonra Qəbələ rayonu Nic qəsəbəsinin səlahiyyətli nümayəndəsi İbrahim Məmmədov, Belarus Respublikasının Udi icmasının nümayəndəsi Roman Quqasari çıxış ediblər.
“Azərbaycan Udi Ocağı”, “Müqəddəs Məryəm Ana” Alban kilsəsi, “Cotari” Alban-Udi kilsəsinə ümumi ekskursiya edilib.

Tehsil-press.az


Oxşar xəbərlər