BDU-da onlayn elmi seminar: Alban məbədlərinin ermənilər tərəfindən saxtalaşdırılması

BDU-da onlayn elmi seminar: Alban məbədlərinin ermənilər tərəfindən saxtalaşdırılması Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərdə Alban məbədlərinin saxtalaşdırılması, tikinti materialları və bağlayıcıların mineraloji-geokimyəvi tərkibi” mövzusunda onlayn elmi seminar keçirilib.
Azərbaycan Respublikası Alban-udi-dini icmasının sədri, BDU-nun Kompleks geoloji və geofiziki tədqiqatlar elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Robert Mobili “Qarabağdakı Alban məbədlərinin ermənilər tərəfindən saxtalaşdırılmasının tikinti materialları və bağlayıcıların mineraloji-geokimyəvi tərkibinə görə əsaslandırılması” mövzusunda məruzə edib.
Məruzədə işğaldan azad olunmuş ərazilərdə yerləşən Xudavəng, Gəncəsar, Ağoğlan məbədlərinin son 30 ildə ermənilər tərəfindən dağıdılması, bu abidələri öz adlarına çıxmaq üçün etdikləri saxtakarlıqlar barədə məlumat verilib. Qeyd olunub ki, məbədlərin tikintisində istifadə olunan daşlar, tikinti materialları və onun bağlayıcılarında olan informasiyaları silmək mümkün deyil. Müasir mineraloji-geokimyəvi üsullarla məbədlərin tikintisində istifadə olunmuş əhəngin tərkibi, genezisi, əhəngdaşının yandırılma texnologiyası, yandırılma sürəti və temperaturu barədə bir çox məlumatlar əldə etmək, bununla da ermənilərin həyata keçirdiyi saxtakarlıqları ifşa etmək mümkündür.
Seminarda iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyev, İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov, BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov, Azərbaycan tarixi kafedrasının müdiri Mehman Abdullayev, professor Məmməd Çıraqov, dosent Əli Novruzov və professor Bahadır Qələndərov mövzu ilə bağlı fikirlərini bildiriblər.

Tehsil-press.az



Oxşar xəbərlər