“Kimya və kimya texnologiyası” mövzusunda II Respublika elmi konfransı

“Kimya və kimya texnologiyası” mövzusunda II Respublika elmi konfransı Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə doktorant, magistr və gənc tədqiqatçıların “Kimya və kimya texnologiyası” adlı II Respublika elmi konfransını keçirir.
Konfransda çıxış edən BDU-nun Kimya fakültəsinin dekanı Fuad Kərimli 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, BDU-da Ümummilli Liderin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş silsilə tədbirlər həyata keçirilir.
F.Kərimli Ulu Öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən bəhs edib, Ümummilli Liderin elmin inkişafına daim böyük önəm verdiyini söyləyib. O, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildirib.
BDU-nun Tarix fakültəsinin dekanı İbrahim Zeynalov Ulu Öndərin həyat və fəaliyyəti haqqında məruzə edib. O, dahi şəxsiyyət Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb.
Konfransın plenar iclasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri Əli Zalov, BDU-nun Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri professor İbrahim Məmmədov, Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri professor Rasim Alosmanov, Bakı Mühəndislik Universitetinin professoru Rəvan Rəhimovun kimyanın müasir problemlərinə həsr olunmuş məruzələri dinlənilib.
Qeyd edək ki, konfransa respublikamızın müxtəlif universitetləri və elmi-tədqiqat institutlarından 230-dan çox tezis qəbul olunub.
Konfrans işini sabah 4 bölmədə davam etdirəcək.

Tehsil-press.az


Oxşar xəbərlər