Silvio Berluskoni ilə vida mərasimi keçirilir

Silvio Berluskoni ilə vida mərasimi keçirilir Milan Katedral kilsəsində İtaliyanın sabiq Baş naziri və “İrəli, İtaliya” (Forza Italia) Partiyasının sədri Silvio Berluskoni ilə dövlət səviyyəsində vida mərasimi keçirilir.
Mərasimdə S.Berluskoninin ailə üzvləri, İtaliya Prezidenti Sercio Mattarella, Nazirlər Şurasının sədri Ciorcia Meloni, Senatın sədri İqnazio Benito Maria La Russa, Deputatlar Palatasının sədri Lorenzo Fontana, eləcə də sabiq Baş nazirlər Mario Draqi, Matteo Renzi iştirak edirlər. Mərasimə Macarıstanın Baş naziri Viktor Orban, həmçinin digər ölkələrin dövlət və hökumət başçıları qatılıblar.
Silvio Berluskoninin cənazəsi Villa San Martinodakı iqamətgahından Milan Katedral kilsəsinə gətirilib. Kilsənin qarşısına əllərində “İrəli, İtaliya” Partiyasının və “Milan” futbol klubunun bayraqları olan on minlərlə insan toplaşıb. Mərasim Milan arxiyepiskopu Mario Delpini tərəfindən idarə olunur.
Qeyd edək ki, Silvio Berluskoni iyunun 12-də müalicə olunduğu xəstəxanada 86 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar iyunun 14-də İtaliyada milli matəm elan edilib.

Tehsil-press.az


Oxşar xəbərlər