İflic olan xəstə süni intellektin köməyi ilə hərəkət edə bilib

İflic olan xəstə süni intellektin köməyi ilə hərəkət edə bilib Beyinə implantasiya edilmiş süni intellektlə işləyən çip iflic olan kişiyə qolunu yenidən hərəkət etdirməyə imkan verib. 3 ildir iflic olan Keyt Tomas inkişaf etmiş beyin implantı texnologiyası ilə əlini yenidən hərəkət etdirə bilib. Beyin implantları iflic olan xəstənin süni intellektin köməyi ilə hərəkət etməsinə şərait yaradıb.
ABŞ-ın Feinstein Bioelektronik Tibb İnstitutundan tədqiqat qrupu iflic olan insanlar üçün çox faydalı olacaq texnologiya hazırlayıb. Qeyri-adi klinik sınaqlarda iflic olmuş şəxs özünü hiss etmək və hərəkət etmək qabiliyyətini bərpa edib.
Keit Tomas adlı Nyu Yorklu kişi 2020-ci ildə avtomobil qəzasında onurğa sütununu zədələyib. Qəzadan sonra o, döş qəfəsinin altında tam hissiyyat və hərəkət itkisi yaşayıb. İflic olan Tomas süni intellektlə dəstəklənən beyin implantları sayəsində əlini hərəkət etdirə bilib. Komandanın hazırladığı süni intellekt dəstəkli beyin implantı texnologiyası sayəsində Tomas qolunu hərəkət etdirərək, bacısının onun əlindən tutduğunu da hiss edə bilib.
Komanda aylar ərzində Tomasın beynin qol hərəkətləri və əllərdə toxunma hissi üçün məsul olan hissələrini dəqiq müəyyənləşdirə bilmişdi. Dörd ay əvvəl 15 saatlıq əməliyyatdan sonra MRT (maqnit rezonans görüntüləmə) vasitəsilə görülən işlərdən sonra Tomasın beyninə mikroçiplər daxil edilib. Eyni zamanda əlavə edək ki, xəstənin əllərinə fişlər qoyulub. Alimlər həmçinin çiplər bədəndə olarkən başın yuxarı hissəsində xarici portlar yerləşdiriblər. Bu portlar Tomasın düşüncələrini şərh etmək və onları hərəkətə keçirmək üçün nəzərdə tutulmuş süni intellekt alqoritmləri olan kompüterə qoşulmuşdu. Tədqiqatçılar bu üsulu “düşüncə-işləyən terapiya” adlandırırlar, çünki hər şey xəstənin niyyəti ilə baş verir. Misal üçün: Xəstə əlini tərpətmək istədikdə beyin implantı kompüterə, kompüter isə hərəkəti yaratmaq üçün əl əzələlərindəki elektrodlara siqnal göndərir.
Texnologiya gələcəkdə iflic olan insanlara daha müstəqil yaşamağa kömək edə bilər. Bu üsul sayəsində Tomas qollarını hərəkət etdirə və bacısının əlini hiss edə bilib. Ancaq bütün bunlar üçün o, kompüterə bağlı qalmalı idi. Buna baxmayaraq, tədqiqatçılar Thomasın belə zamanda yaxşılaşdığını və qolunun gücünün "iki dəfədən çox artdığını" bildirdilər.
Aydındır ki, bu üsul üçün daha çox iş lazımdır. Buna baxmayaraq, belə bir texnologiyanın gələcəkdə ifliclə yaşayan insanların həyatını dəyişmək potensialına malik olduğunu söyləmək mümkündür. Araşdırma aparan qrupun ümidi budur.

Tehsil-press.az


Oxşar xəbərlər