27 Sentyabr - Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş gün

27 Sentyabr - Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş gün Azərbaycan Dillər Universitetində (ADU) 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə universitetin əməkdaşları, müəllimləri və tələbələr iştirak ediblər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rektor Kamal Abdulla 27 Sentyabrın Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunduğunu deyib. “Bu gün Azərbaycan öz ərazi bütövlüyünü tam olaraq bərpa edib. Bu, böyük tarixi uğurdur və gələcəkdə Azərbaycanın daha parlaq və işıqlı bir dövlət kimi mövcudluğunun təminatçısıdır. Bu tarixi hadisə dünya xalqlarına çatdırılması və Azərbaycanın haqq işinin hər kəsə məlum olması baxımından önəmlidir. Biz şəhidlərimizə, qazilərimizə borcluyuq. Bu borcu öz işimizdə, layiqli xidmətimizlə göstərməliyik. İnanıram ki, hər birimiz bu böyük tarixi günün əhəmiyyətini və məsuliyyətini dərk edib Azərbaycanın daha da inkişaf etməsinə təkan verəcəyik”, - deyə rektor bildirib.
ADU-nun elm və innovasiyalar üzrə prorektoru professor Novruz Məmmədov günün tarixi əhəmiyyətindən danışıb, şəhidlərimizə rəhmət diləyib.
Azərbaycan Dillər Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Milli Məclisin deputatı Tamam Cəfərova Vətən müharibəsindən və bir gün ərzində həyata keçirilən uğurlu antiterror tədbirlərindən söz açıb, Qələbəni birlik sayəsində əldə etdiyimizi deyib: “Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu hər şeyə qadirdir. Həmçinin Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxildir. Bu gün tarixi ədalət qalib gəldi. Bunun da əsasında birlik durur. Daha dəqiq desək, Prezident-Xalq-Ordu birliyi. Yumruğa çevrilən, Ali Baş Komandanın ətrafında sıx birləşən ordu və xalq birliyi həm 44 günlük Vətən müharibəsi, həm də antiterror tədbirləri zamanı bunu bir daha sübut etdi”.
Tədbir zamanı Regionşünaslıq kafedrasının müdiri professor Sevdagül Əliyeva şəhid bacısı olduğunu söyləyib, müharibə haqqında müəllifi olduğu şeiri səsləndirib.
Beynəlxalq jurnalistika şöbəsinin müdiri baş müəllim Nərgiz Çərkəzqızı 1994-cü ildə Birinci Qarabağ müharibəsində şəhid olan qardaşı haqqında xatirələrini bölüşüb. O, həmçinin hazırkı dövrdə informasiya savaşının önəmindən söz açıb, gənclərə sosial şəbəkələrdən düzgün istiqamətdə faydalanmağı tövsiyə edib.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Qorxmaz Mustafayev çıxışında 44 günlük müharibənin yeni dövrün başlanğıcı olduğunu, əldə etdiyimiz Qələbənin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, Prezident İlham Əliyev tərəfindən isə uğurla davam etdirildiyini bildirib.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov “Şəhidlik anlamı” mövzusunda çıxış edib. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinin qorunub saxlanılması mühüm tarixi məsələdir. Şəhidlərin əziz ruhu qarşısında hər birimiz baş əyir, dərin hörmət və ehtiramımızı bildiririk.
Tədbirdə tələbələrin ifasında şəhidlərin xatirəsinə həsr olunmuş “Qələbəyə gedən yollar” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

Tehsil-press.az

Oxşar xəbərlər